Yuxarıdakı ayədə Peyğəmbər müsəlmanların birincisi kimi qeyd olunur. Bu barədə təfsir alimləri arasında fərqli fikirlər vardır. Çünki bilirik ki, əgər "İslam" deyərkən bu kəlmənin geniş mənası nəzərdə tutulsa, bütün səmavi dinlərə şamil olacaqdır. Elə bu səbəbdən "müsəlman" kəlməsi sair peyğəmbərlərə də aid edilmişdir. Məsələn, Nuhun barəsində oxuyuruq:
"Mənə əmr olunub ki, müsəlmanlardan olum" (Yunis, 72). Habelə İbrahim Xəlil, onun övladı İsmail barədə də oxuyuruq: "Rəbbimiz, bizi sənə müsəlman olanlardan et" (Bəqərə, 128). Yusif haqqında da "Məni müsəlman olaraq öldür", - deyə gəlmişdir (Yusuf, 101) Bu ifadə başqa peyğəmbərlər üçün də gəlmişdir.
Əlbəttə, müsəlman Allah əmrinin qarşısında təslim olan kəs anlamındadır. Bu məna bütün ilahi peyğəmbərlər və onların mömin ümmətləri barədə keçərlidir. Bu durumda Peyğəmbərin ilk müsəlman olması ya onun təslim olmasının keyfiyyət və əhəmiyyətinə görədir, - çünki onun təslim dərəcəsi və islamı hamısından daha ali idi; ya da birinci kəs idi ki, Quran ayinini və islamı qəbul etmişdi.
Bəzi rəvayətlərdə də varid olmuşdur ki, ruhlar aləmində Rəbbin dəvətinə, üluhiyyət barədə olan sualına birinci müsbət cavab verən kəs olmuşdur.
Əllamə Təbətəbai qeyd edir ki, ayədə "birinci müsəlman" deyərkən dərəcə baxımından nəzərdə tutulmuşdur, zamana görə nəzərdə tutulmamışdır.
"Birinci müsəlman" ifadəsi Peyğəmbərimizdən başqa heç kəs haqqında işlədilməmişdir. Bəziləri isə deyib ki, burada məqsəd həzrətin öz ümməti arasında birinci müsəlman olmasıdır. Çünki əgər islamdan məqsəd bütün dövrlər olsa, onda İbrahim Peyğəmbər birinci müsəlman olmuşdur. Sairləri isə sadəcə onun ardınca gəlmişlər. Lakin bu fikir düzgün deyil. Çünki bu ayədə islam deyərkən bu ümmətin islamı deyə bir qeyd aparılmamışdır. Ancaq İbrahimin ilk müsəlman olması ilə əlaqədar fikrə gəlincə, onun cavabı keçən ayələrdədir ki, ondan öncəki peyğəmbərlər də müsəlman olaraq tanınırdılar. İbrahimlə əlaqədar bu barədə ayələrin heç biri yuxarıdakı iddianı etmir.
Müvəffəqiyyət Allahdandır.
Nümunə və Əl-Mizan təfsirlərindən istifadə olunub.
F.A.
Комментариев нет:
Отправить комментарий