суббота, 23 июля 2016 г.

Bir şübhəyə cavab: "Allahın - insan daxilində iki qəlb yaratmaması nə deməkdir?" ("Əhzab", 4)

Qurani-Kərimin "Əhzab" surəsi 3-cü ayəsində belə oxuyuruq: "Allah kimsənin daxilində iki qəlb yaratmamışdır..." Bu ayədə bir neçə mətləblər də vardır ki, fikir yayınmasın və təkcə bir məsələ barəsində yazaq deyə, ayənin bu hissəsinin üstündə müzakirə aparmq istəyirik. Yoxsa ki, bu ayədə "iki qəlb" məsələsindən əlavə bir sıra izaholunası mətləblər vardır. O da qalsın başqa vaxta.

Təfsir alimlərindən bir dəstə, ayənin bu hissəsinin nazil olma səbəbi haqda qeyd ediblər ki, cahiliyyət dönəmində Cəmil ibn Müəmmər adlı bir adam vardı. Onun olduqca güclü hafizəsi vardı. O belə bir iddia edirdi ki, onun daxilində iki qəlb vardır və o, onlardan hər biri ilə Məhəmməd peyğəmbərdən daha üstün dərk edib anlaya bilir. Həm də müşriklər onu "Zül-Qəlbeyn", yəni iki qəlb sahibi adlandırırdılar.

Bədr döyüşü zamanı müşriklər qaçarkən Cəmil ibn Müəmmər də onların arasında idi. Əbu Süfyan onu elə bir halda gördü ki, ayaqqabısının bir tayı ayağında, o biri tayı isə əlində tutulmuş vəziyyətdə idi. Həm də fərarilik edirdi. Əbu Süfyan ona dedi ki, nə xəbərdi? Cəmil dedi ki, qoşun qaçdı. Əbu Süfyan dedi ki, bəs nə üçün ayaqqabının bir tayını əlində tutmusan, o birisi isə ayağındadır? Cəmil dedi: Sözsüz ki, fərqində olmamışam. Elə bilirdim hər ikisi ayağımdadır. Məlum oldu ki, belə bir mənasız iddialarına baxmayaraq, heç bircə qəlb ölçüsündə belə, şüuru işləmir. Əlbəttə, burada qəlb dedikdə ağıl nəzərdə tutulur.

Hər halda, haqqı ört-bastır edənlərin, münafiqlərin arxasınca düşmək və ilahi vəhyin ardınca getməmək insanı bu cür xürafat məsələlərə inanmağa gətirib çıxarır.

Burada olduqca dərin bir məna vardır. O da budur ki, insanın birdən artıq qəlbi yoxdur. Bu qəlbdə də təkcə bir məbuda eşq yerləşə bilər. Müxtəlif məbudlara, şərik qoşmağa dəvət edən kəslər bir neçə qəlblərə malik olmalıdırlar ki, hər bir qəlb bir məbuda eşq üzərində təmərküzləşsin.

Əslində, düzgün insanın bir şəxsiyyəti, bir fikir xətti vardır. Təklikdə, cəmiyyət içində, aşkarda, gizlində, içdə, çöldə, fikirdə, əməldə, hamısında təklik təşkil etməlidir. Hər formada ikiüzlülük, ikilik onun təbiətinə zidd məfhumdur.

İnsan - birdən artıq qəlbə malik olmamaq hökmünə əsasən, bir qanun qarşısında təslim olmalıdır. Qəlbində bir məşuqa qarşı sevgi bəsləməlidir. Öz həyatında bir gedişli yolu tətbiq etməlidir. Bir dəstə və topolum ilə bir araya gəlməlidir. Əgər belə olmasa müxtəlif hədəflər, yollar onu bihudəçiliyə və sapqınlığa çıxaracaq, nəhayətdə bir fitri yoldan azıb qalacaqdır.

Bu ayənin təfsiri ilə əlaqədar Əmirəlmöminindən nəql olunan bir hədisdə oxuyuruq ki, belə buyurur: "Bizə və düşmənlərimizə qarşı sevgi bir insanın daxilində cəm ola bilməz. Həqiqətən də, Allah kiminsə daxilində iki qəlb yaratmamışdır ki, bunun vasitəsilə sevsin, bu birisi ilə də düşmənçilik etsin. Bizi sevənə gəlincə, bizi sevməkdə xalis olar (səmimi və sadiqdir), necə ki, qızıl odda xalis olar, onda bir bulanlıq (və qarışıqlıq) olmaz. Buna görə də kim (bu məsələni) bilmək istəyirsə, qoy öz qəlbini imtahan etsin. Əgər bizə sevgidə düşmənlərimizə sevgini şərik edibsə, bizdən deyil. Biz də ondan deyilik".

Deməli, bir qəlb bir etiqad üzərində təmərküzləşməkdir. O da bir proqram üzərində icra olunur. Necə ki, insan bir şeyə etiqad bəsləyib, əməldə ondan ayrı ola bilməz.

Diqqət edin, münafiqlər alçaq bil yol gedirlər. Onlar bu sözlərlə yaradılış qanununu ayaq altında qoymağa çalışırlar. Sözsüz ki, bir insanın müxtəlif yaşayış çalarları olması düzdür. Ancaq onların hamısı üzərində vahid bir xətt hakim olmalıdır.

Burada başqa nüanslar da vardır ki, bununla kifayətlənirik.
Müvəffəqiyyət Allahdandır.
"Nümunə" təfsirindən istifadə olunub.

F.A.

1 комментарий: