Dəfn gecəsinin namazı
müstəhəb namazlardandır. Bu namaza hədiyyə namazı da deyilir. Xalq arasında isə
daha çox vəhşət namazı kimi tanınır. Meyit üçün birinci qəbir gecəsində
qılınır. Vaxtı gecənin əvvəlindən sübhə qədərdir. Qılınmasının ən üstün vaxtı
isə İşa namazından sonradır.
Bu namazın adları Hədiyyə namazı (Hürr Amili, Vəsailüş-Şiə),
Dəfn gecəsi namazı (Seyid Kazim Yəzdi, Urvətul-Vusqa) və Vəhşət namazıdır
(Təhrirul-Vəsilə). Bu namaza ona görə vəhşət namazı deyilir ki, təzəcəcə
dünyadan köçmüş adam hələ qəbir aləmi ilə tanış və ünsiyyətdə olmadığına görə
özlüyünddə qorxu və vəhşət hissi keçirir. Bu namaz ilahi fəzilət sayəsində
vəhşəti onun üzərindən götürməyə səbəb olur. Deməli, əslində bu namaz vəhşəti
aradan götürəndir, vəhşət namazı deyil.
Fiqh mənbələrinə əsasən, dəfn gecəsi namazı aşağıdakı iki
formadan biri kimi qılınır:
Birinci forma: Birinci rəkətdə bir dəfə "Fatihə" və
iki dəfə "İxlas" surəsi oxunur. İkinci rəkətdə isə bir dəfə
"Fatihə" və on dəfə "Təkasur" surəsi oxunur. Namazın
salamları verildikdən sonra deyilir: "Allahummə salli əla Muhəmmədin və
Ali Muhəmməd vəb`əs səvabəha ilə qəbri fulan ibn filan (Fulan ibn fulanın
yerinə ölən şəxsin özü və atasının adı deyilir. Məsələn Məhəmmədin oğlu Əli)
Salamlardan sonra oxunan duanın tərcüməsi: "Ey Allahım, Məhəmməd və
Məhəmməd ailəsinə salavat göndər. Onun (yəni bu namazın savabını) filankəsin
oğlu filankəsə göndər".
İkinci forma: Birinci rəkətdə "Fatihə" surəsindən
sonra "Ayətül-Kürsi" oxunur. Əksər müctəhidlərin nəzərinə görə
ehtiyata əsasən "Bəqərə" surəsinin 255, 256 və 257-ci ayələri
oxunmalıdır. Ancaq bəzi fəqihlər də vardır ki, təkcə 255-ci ayəni oxumağı
kifayət bilir. İkinci rəkətdə isə "Fatihə" surəsindən sonra on dəfə
"Qədr" surəsi oxunur. Namazın salamından sonra deyilir:
"Allahummə salli əla Muhəmmədin və Ali Muhəmmədin vəb`əs səvabəha ilə
qəbri fulan ibn fulan". (Təhrirul-Vəsilə)
Namazın hökmləri
- Əgər bir nəfər Dəfn gecəsi namazını hər iki cür qılsa daha üstündür.
(Təhrirul-Vəsilə)
- Dəfn gecəsi namazını qəbrin birinci gecəsindən (gecənin əvvəlindən sübhə
qədər) hər mövqedə qılmaq olar. Ancaq ən üstün gecənin əvvəlində işa namazından
sonra qılmaqdır.
- Əgər meyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa bir cəhətə görə
dəfn təxirə düşsə, onun üçün qılınan Dəfn gecəsi namazını da birinci qəbir
gecəsinə qədər təxirə salmalıdırlar.
- Bir nəfərin bir neçə dəfə bu namazı savab hədiyyə etmək qəsdilə qılması
caizdir.
- Bir meyit üçün bir namaz qılmaq kifayət edir. Bu namazı qırx nəfər
tərəfindən, varid olma niyyəti olmadan qılınması daha üstündür. (Yəni nə qədər
çox adam qılsa yaxşıdır. Amma bu o demək deyil ki, bunun bu şəkildə qılınması
varədə nəss varid olmuşdur)
- Əgər bir adam bu namazı səhv edərək yanlış qaydada qılsa, gərək yenidən
qılsın. İstər "Qədr" surəsindən bir ayəni deməyi unutsun, istərsə də
"Ayətül-Kürsi"dən səhvən bir ayə oxumasın.
- Dəfn gecəsi namazı üçün zəhməthaqqı almaq, yaxud qılması üçün başqasına
zəhməthaqqı vermək caizdir. Ehtiyat budur ki, namazqılanlara hədiyyə, yaxud
ehsan etsin. O da bu namazı mal əldə etmək niyyətilə qılmasın.
Bu namazı qılmağın savabı
Peyğəmbər bu namazı qılmağın savabı haqqında belə buyurmuşdur: Heç bir saat
meyitə (qəbirə qoyulduqdan sonra) birinci gecə kimi sıxıntılı gəlmir. Ona görə
də ölülərinizə sədəqə (vermək) ilə rəhm edin. Belə ki, (bir şey) tapmasanız,
biriniz iki rəkət namaz qılsın, birincidə "Fatihətül-Kitab"ı bir
dəfə, "Qul huvəllahu Əhəd"i ("İxlas" surəsini) iki dəfə,
ikincidə isə "Fatihətül-Kitabı" bir dəfə,
"Əlhakumut-təkasur"u ("Təkasur" surəsini) isə on dəfə
oxuyar. (Namazın axırında) salam verər və deyər: Ey Allahım, Məhəmməd və Ali
Məhəmmədə salavat göndər, onun savabını bu filankəsin oğlu filankəs meyitin
qəbrinə göndər. Beləliklə, Allah elə həmin vaxt meyitin qəbrinə min mələk
göndərər. Hər bir mələyin üzərində libas və hüllə (hüllə də ağ libasa deyilir)
olar. Onun qəbrini sur çalınan günə qədər darısqallıqdan genişlədər. Namaz
qılan kəsə isə günəş onun üzərinə saçdığı qədər yaxşılıq verər və onu qırx
dərəcə ucaldar". (Mirzə Hüseyn Nuri, Müstədrəkül-Vəsail)
Mühəddis Nuri "Darus-Səlam" kitabında röya və yatacaq
yerlə əlaqədar nəql edir:
Bizim ustadımız Molla Fəthəli Sultanabadi deyib: Mənim adətim bu idi ki, hər
zaman bir nəfər risalət ailəsi dostlarından dünyadan getsəydi və onun xəbəri
mənə çatsaydı, dəfn gecəsi iki rəkət (Dəfn gecəsi namazı) onun üçün qılardım.
İstər onu tanıyım, istər tanımayım. Bu adətimdən də heç kəsin xəbəri yox idi. O
vaxta qədər ki, bir gün dostlarımdan biri yolda mənimlə qarşılaşdı və dedi:
Dünən gecə dünyadan getmiş filan şəxsi yuxu aləmində gördüm. Ondan ölümündən
sonrakı vəziyyəti barədə soruşdum. O dedi, mən ölümdən sonra olduqca çətin
sıxıntıda qərar tutmuşdum. Yoxlanış zamanı məni əzaba sarı apardılar. O vaxta
qədər ki, filankəs (sənin adını çəkdi) mənim üçün iki rəkət namaz qıldı. Həmin
iki rəkət məni əzabdan xilas etdi. Allah atasına rəhmət eləsin ki, mənə belə
bir ehsan etdi. Həmin vaxt o şəxs mənə sual verdi, o iki rəkət namaz nə namazı
idi. Mən də dəfn gecəsi namazı qılmaq barədə öz təriqimi (metodumu) ona
açıqladım". (Mirzə Hüseyn Nuri, Darus-Səlam)
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий