Bu ifadə Quranda iki dəfə “Əraf” surəsində işlədilmişdir. (“Əraf” surəsi, 46 və
48-ci ayələr) Qeyd edilmiş ayələrdən belə nəticə çıxır ki, Cənnət və Cəhənnəm
arasında bir yer vardır, onun üzərində də bir neçə nəfər durmuşdur ki, Cənnət
əhlinə salam verər və Cəhənnəm əhli ilə bir yerdə olmamağı arzu edərlər.
Əraf dedikdə nə nəzərdə tutulur?
Ərafın nə olması barədə islam alimləri arasında müxtəlif və fərqli nəzərlər
vardır. (Əl-Mizan) Onların əksəriyyəti bu məna üzərində durur ki, o, Cənnətlə
Cəhənnəm arasında olan bir divardır. (Şeyx Müfid, Təshihul-Etiqad; Rağib İsfahani,
Mufrədat) Həsən Bəsri və Zəccacdan belə nəql olunmuşdur ki, “Əraf” mərifət
kökündəndir və tanımaq mənasındadır. Yəni Qiyamətdə bir dəstə adam vardır ki,
camaatın vəziyyətindən agahdırlar. Onlar Cənnət və Cəhənnəm əhlini simalarından
tanıyırlar. (Fəxr Razi, Təfsirul-Kəbir; Təbəri, Cameul-Bəyan)
Molla Sədra da bu nəzəri dəstəkləmişdir və “Hər kəsi simalarından tanıyarlar”
ayəsini buna şahid bilmişdir. (Molla Sədra, Ərşiyyə). İbn Ərəbi “Fütuhat”da
məşhurun Əraf barədə olan nəzərini bəyənmiş, amma Əraf əshabı barədə demişdir:
Onlar o kəslərdir ki, yaxşılıq və pislikləri bərabərdir. Onların bir gözü
Cənnətə, digəri isə Cəhənnəmə dikilib. Bir halda ki, heç birinə daxil olmaq
üçün üstünlüyə malik deyillər. Lakin onlara səcdə əmri verildikdə hamılıqla
səcdəyə gedərlər və Cənnətə varid olarlar. (İbn Ərəbi, Fütuhat) Molla Sədra
“Şəvahidur-Rububiyyə”də həmin sözü tərcih etmişdir. “Əsfar”da isə İbn Ərəbinin
sözünə işarə etdikdən sonra şiə arasında Əraf əshabının Peyğəmbər və imamlar
olmasına dair məşhur nəzərini seçmişdir.
Əraf əshabı kimlərdir?
Əraf əshabının kimlər olmasına dair, islam alimləri və müfəssirlər arasında
fikir ayrılıqları vardır ki, bu nəzərlər on dördə çatır. Əraf mövzusundan söz
açan əksər alimlər qeyd olunan nəzərlərə və fərqli fikirlərə işarə etmişlər.
(Əl-Mizan; Təfsirul-Kəbir; Rövzul-Cinan)
Yazılan nəzərlər ümumi olaraq üç dəstəyə ayrır:
1. Onlar Allah dərgahına yaxınlaşmış peyğəmbərlər, alimlər, fəqihlər, əməllərə
şahidlik edən kəslərdir.
2. Onlar yaxşılıqları ilə pislikləri bərabər olan kəslərdir.
3. Əraf əshabı bir dəstə mələkdir ki, oranın ucalığında şəxslərə nəzər
salırlar, hər kəsi qiyafəsindən və üzündən tanıyırlar. (Əl-Mizan)
Əksər əhli-sünnə alimləri ikinci nəzəri seçmişlər. (Süyuti, Əl-Budurus-Safirə
di əhvalil-Axirət; Alusi, Ruhul-Məani; Qurtubi, Cameul-Əhkamil-Quran)
Şiə alimləri isə Əraf əshabı barədə olan müxtəlif nəzərləri qeyd ediblər. Ancaq
Əhli-Beytdən bu barədə nəql olunan rəvayətlərə də diqqət göstərərək belə bir
nəzərə meyilli olublar ki, Əraf əshabı Peyğəmbər və imamlardır. (Etiqadat, Şeyx
Səduq; Əsfarul-Ərbəə, Molla Sədra) “Bəsair” 19-a yaxın müxtəlif yollarla
imamlardan rəvayət nəql etmişdir ki, Əraf əshabı imamlardır. (Məhəmməd Səffar,
Bəsairud-Dərəcat). Habelə Kuleyni “Kafi”də, Şeyx Səduq “Məani əl-Əxbar”da, Şeyx
Müfid “Məsaruş-Şiə”də buna toxunmuşlar.
Bu rəvayətlərin birində Yezid ibn Muaviyə İcli İmam Məhəmməd Baqirdən “Əraf
üzərində adamlar vardır ki, onların hamısını simalarından tanıyarlar” ayəsinin
təfsiri barədə soruşur. İmam cavab verir ki, bu ayə bu ümmət barəsində nazil
olmuşdur və Əraf adamlarından məqsəd Ali Məhəmməddən olan imamlardır.
Başqa bir rəvayətdə bu ayənin təfsirilə əlaqədar belə gəlmişdir ki, o adamlar
bizik və bizdən olan imamlardır”. (Bəsairud-Dərəcat)
Qeyd edilən ümumi üç nəzərdən əlavə başqa bir nəzər də vardır. O
da budur ki, yuxarıdakı rəvayətlər arasında, əhli sünnənin istinad etdikləri
bəzi rəvayətlərdə, hətta şiənin bəzi rəvayət mənbələrində də mövcuddur
(Üsuli-Kafi), Əraf əshabından məqsəd o kəslərdir ki, yaxşılıqları ilə
pislikləri bərabərdir. Elə bu üzdən Ərafda qalıblar. Elə bir şəkildə cəm
etmişlər ki, bu iki dəstə rəvayətin hər birindən Ərafda qalmış dəstənin
durumunu daha aydın açıqlayır. Bu mənada ki, Ərafda həm də elə bir şəxslər
vardır ki, onların yaxşı və pis işləri bərabərdir. Hansısa bir tərəfə getməyə
də üstünlükləri çatmır. Bununla yanaşı, həm Peyğəmbər, həm də imamlar onlara
kömək məqsədilə Ərafdadırlar. (Sübhani, Mənşur Cavid, Məkarim Şirazi;
Təfsiri-Nümunə) Əlbəttə belə bir cəm Şeyx Səduqun da kəlamından əldə edilir.
(Şeyx Səduq, Etiqadat)
Fərid Abdullah
İnternet mənbələrdən istifadə olunub.
Комментариев нет:
Отправить комментарий