суббота, 9 июля 2016 г.

“İğal” nə deməkdir?

İğal kəlamı artıq sözlə, faydalı bir nöqtəni özündə ehtiva edən halda tamamlamaqdır.

İtnab (gərək bu istilahın da nə olduğu barədə ayrıca yazı hazırlayım. Qısaca deyim ki, faydanı artırmaq üçün artıq kəlamlardan istifadə etməyə deyilir) növlərindən hesab olunan Quranın bədii üslublarından biri İğaldır. Ona həm də İm`an da deyirlər.

İbn Əbil-Əsbəğ qeyd edir ki, Quran ayələrinin sonu (buna Fəvasilul-Quran deyilir) dörd hissəyə ayrılır: Təmkin, Təsdir, Təvşih və İğal. (Gərək bunların hər biri haqqında ayrıca məlumat yazmaq lazımdır. Qisaca qeyd edək ki, Təmkin – başqasına səlahiyyət və ixtiyar verməkdir; Təsdir – sonuncu ləfzin ayənin əvvəlindəki ləfzlərdən biri ilə uyğun gəlməsidir; Təvşih isə – ayənin sonundakı kəlmənin, yaxud kəlmələrin ayənin əvvəlindəki mənala ilə uyğunluğuna deyilir).


Terminoloji baxımdan İğal nə deməkdir?
İğal məsdərdir, sürət vermək, daxil etmək, mübaliğə kimi mənaları vardır. Terminoloji baxımdan isə kəlamı faydalı bir nöqtəni özündə ehtiva edən şəkildə tamamlamaqdır. O cür ki, əgər o söz olmasaydı belə, cümlənin mənası tamam olmuş sayılacaqdı. Ancaq o, mübaliğəni artırmaq üçündür. Qeyd etmək istəyərdim ki, mübaliğə ifadəsi ərəb dilində fərqli anlam daşıyır, bizim dildə isə fərqli. Burada mübaliğə deyərkən şişirtmə nəzərdə tutulmur, bəlkə daha geniş məlumatı özündə ehtiva etməkdir, artırmaqdır.

Nəzər sahiblərindən bəziləri Quranda İğalın olması fikrini qəbul etməmiş və onu yalnız şeirə məxsus olduğunu demişlər.

Quranda İğal
Quranda İğala dair misal: “...Ey qövm, elçilərin ardınca gedin. Sizdən bir zəhməthaqqı istəmyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!” (Yasin, 20 və 21)
Bu ayədə “və özləri də doğru yoldadırlar” ifadəsi İğaldır. Çünki onsuz da məna tamam olmuş sayılırdı. Peyğəmbərlər doğru yolu əldə etdiklərinə görə bu ifadəni cümlənin axırında işlətmək başqalarını onların ardınca getmələrindən ötəri təşviq etmək və rəğbətləndirmək üçündür. (Süyuti, Əl-İtqan fi Ulumil-Quran; Zərkəşi, Əl-Burhan fi Ulumil-Quran; Bəqillani, Ecazul-Quran; Məhəmmədhadi Mərifət, Ət-Təmhid fi Ulumil-Quran)


F.A.

Комментариев нет:

Отправить комментарий