четверг, 14 июля 2016 г.

Bir şübhəyə cavab. (Qurana görə Gündüz Günəşi aydın edirmi?)

Quranın dilimizə edilən bir neçə tərcüməsi vardır. Bu tərcümələrdə bəzi ixtilafların və sair çatışmaz nöqtələrin olması müsəlmanların üzərinə bir sıra tənqid yağdırır. Bu tənqidlərdən biri "Şəms" surəsi 3-cü ayə ilə əlaqədardır.
Ayədə deyilir: "And olsun gündüzə - onu aydınlığa çıxartan zaman".
Məfhum tam aydın olsun deyə, kəlmə tərcüməsi etdik. İndi mübahisə "onu" ifadəsində çıxır. Bəziləri Qurana tənqid prizmasından yanaşaraq, həm də buna tərcüməni dəlil gətirərək "onu" ifadəsində günəşin nəzərdə tutulduğunu iddia edib, bunu ciddi elmi xəta kimi qələmə verirlər. Əslində, həqiqətən də, gündüz günəşin sayəsində əmələ gəlir. Günəşi ortaya çıxaran gündüz deyil. Bəs əslində məsələ necədir?
"Cəllə" feili "təcliyətun" məsdərindəndir. Onun mənası ortaya çıxarmaq, aşkar etməkdir. Feilin sonundakı "hə" əvəzliyi isə qadın cinsinə aiddir. İndi bu əvəzliyin nəyə aid olması haqqında alimlər mübahisə ediblər. Məşhur nəzər budur ki, bu "hə" əvəzliyi, yəni "onu" deyərkən yer üzü nəzərdə tutulur. Düzdür, bundan öncə "yer" (Ard) kəlməsi işlənməyibdir. Ancaq kəlamın özündən aydındır ki, gündüzün olması yeri ortaya çıxarır, aşkar edir, qaranlıqdan aydınladır.

Lakin bəzi təfsir alimləri deyib ki, "cəllə" feilinin faili (icra edəni) gündüz, məf`ulun (bizim qrammatikada tamamlıq) zəmiri (yəni əvəzliyi) isə günəşə qayıdır. Mənası bu olur ki, and olsun gündüzə - günəşi aşkar etdiyi zaman. Ancaq bu ifadə öncəki ayə ilə düz gəlmir. Çünki öncəki ayədə deyilir ki, günəş gündüzü aydın edir. Məsələ də məhz budur. Nəinki gündüz günəşi aydınlandırır.
Digərləri deyir ki, "hə" əvəzliyi dünyaya aiddir. Mənası da budur ki, and olsun günə - dünyanı aydın etdiyi zaman.
Başqaları isə burada qaranlığın nəzərdə tutulduğunu bildiriblər.
Lakin bir dəstə alim də vardır ki, "cəllə" feilinin icraçısının Allah, "hə" əvəzliyinin isə günəşə qayıtdığını iddia ediblər. Yəni and olsun gündüzə və o zamana ki Allah günəşi ortaya çıxarır.
Nəticə budur ki, gündüz heç zaman günəşi işıqlığa çıxara bilməz. Bəlkə də məcazi baxımdan demək olar ki, gündüz oldu və bizə günəş görsəndi. Lakin həqiqətdə bu ifadə əsassızdır.
Deməli, Quran demir ki, gündüz günəşi ortaya çıxarır. Bu ifadə bəzi tərcüməçilərin gəldiyi qənaətdir. Onlar "onu" deyərkən günəşi nəzərdə tutublar. Lakin bu fərziyənin səhv olmasını dedik. Ən uyğun nəzər yer üzüdür. Qaranlıq və sair şeylər də ola bilər. Ümumiyyətlə gecənin üzərini örtdüyü şeyləri, günəşin nəticəsində əmələ gələn gündüz aydınlığa çıxarır.
Ən doğrusunu Allah bilir.



Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий