Ayədə "ruh" dedikdə nə nəzərdə tutulur?
Peyğəmbərin daha əvvəl kitab və iman bilməməsi nə deməkdir?
Ayənin tərcümə edək: "(Səndən öncə göndərilən
peyğəmbərlərə vəhy etdiyimiz kimi) sənə də öz əmrimizdən beləcə bir ruh vəhy
etdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilmirdin (və Quranın
möhtəvasından xəbərsiz idin). Lakin Biz onu bir nur etdik ki, onun vasitəsilə
bəndələrimizdən istədiyimizi hidayət edərik (ona bu yolla doğru yolu
göstərərik) və sən, sözsüz ki, düz yola sarı hidayət edirsən (bu camaatı düzgün
yola yönəldirsən)".
Ayədə "kəzalikə" ifadəsi vardır. "Bu
cür, beləcə" deməkdir. Bu ifadə ilə vəhyin üç formasına işarə edilməsi
mümkündür. Yəni qeyd edilir ki, öncəki ayədə qeyd edilən vəhyin bu formaları
Peyğəmbərimiz üçün də gerçəkləşmişdir. Yəni o həzrətə bəzən birbaşa olaraq,
yəni vasitəsiz - birbaşa Rəbbin pak zatı ilə rabitə qurmaqla, bəzən vəhy
mələyi, bəzən isə səs dalğalarına oxşar səs eşitmək yolu ilə gerçəkləşirdi ki,
bu barədə hədislər də mövcuddur. Bu yazımızda biz vəhyin formaları, onların
necəliyi və isbatı haqqında yazmayacağıq. Bu məsələ qalsın ayrı vaxta.
Bundan sonra növbə "Ruh" məsələsinə gəlir.
Görəsən "Ruh" deyərkən nə nəzərdə tutulur? Təfsir alimləri arasında
bu barədə iki nəzər vardır. Birincisi budur ki, nəzərdə tutulan Qurandır. Belə
ki, o, qəlblərin diri olmasının, canların yaşamasının əsasıdır. Bu fikri əksər
təfsir alimləri dəstəkləmişlər.
Rağib İsfahaninin fikrinə əsasən bu ayədə
"Ruh" ifadəsindən məqsəd Qurandır. Çünki o, axirətə dair həyatın
səbəbidir.
Bu məna müxtəlif arqumentlərə əsasən daha məqbul və
layiq görülür. Belə ki, bu arqumentlərə ayədə vəhyə işarə edən
"beləcə" ifadəsi, "vəhy etdik" təbiri, habelə ayənin
altındakı bir neçə ifadəni misal çəkə bilərik.
İrad tutula bilər ki, "Ruh" ifadəsinin başqa
mənaları da vardır axı. Əlbəttə vardır. Lakin yuxarıdakı qərinələrə diqqət
etsək görərik ki, burada "Ruh" Quran mənasındadır.
"Nəhl" surəsinin 2-ci ayəsində qeyd edilir:
"Mələkləri öz əmrindən olan ruhla bəndələrindən istədiyinə nazil
edir". Burada da nişanələr onu göstərir ki, məqsəd Quran, vəhy, nübüvvət
mənasındadır. Əslində bu iki ayə bir-birlərini təfsir edir.
"Ənfal" surəsinin 24-cü ayəsində belə
oxuyuruq: "Ey iman gətirən kəslər, (Peyğəmbər) sizi, sizə həyat verəcək
şeyə dəvət etdiyi zaman Allaha və Elçiyə cavab verin (dəvətini qəbul
edin)". Buradan da aydın olur ki, "Ruh" kəlməsinin
"Quran" mənasını daşımasının heç bir maneəsi yoxdur.
İkinci təfsir belədir ki, məqsəd
"Ruhülqüds"dür. Ya da bir mələkdir ki, Cəbrail və Mikaildən daha
üstündür və həmişə Peyğəmbərlə birlikdədir.
Onda ayədə "vəhy etdik" ifadəsinin
"ənzəlna" (nazil etdik) mənasını ifadə etdiyini deməliyik. Yəni
"Ruhülqüds"ü həmin böyük mələklərlə birlikdə sənə nazil etdik.
Baxmayaraq ki, Quranın sair yerlərində "vəhy etdik" ifadəsi
"nazil etdik" anlamında gəlməmişdir.
Tanınmış hədis mənbələrində bəzi rəvayətlər vardır ki,
bu təfsiri dəstəkləyir. Ancaq qeyd etdiyimiz kimi birinci təfsir ayədə olan bir
sıra nişanələrə görə daha çox uyğun gəlir. Həm də ola bilər ki, ayədəki
"Ruh"u "Ruhülqüds", yaxud Allahın aliməqamlı mələyi kimi
təfsir edən bir sıra rəvayətlər ayənin batini təfsirinə aid olmuş olsun.
Bu ayədə işlənilən "Ruh" barədə başqa
mülahizələr, hətta iradlar da vardır ki, onların cavabları da vardır ki, ümumi
nəticələr qeyd etdiklərimizin üzərinə qayıdır.
Ardı var.
Müvəffəqiyyət Allahdandır.
"Nümunə" təfsirindən istifadə edilib.
F.A.
Комментариев нет:
Отправить комментарий