вторник, 25 октября 2016 г.

Altruizmin dəyəri

Altruizmin dəyəri
Qeyd edək ki, altruizm — başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsipdir.

– İmam Əli buyurub: “Fədakarlıq ən ali əxlaqi xüsusiyyətdir”. (Ğurərul-Hikəm: 986; Uyunul-Hİkəm vəl-Məvaiz, s.19, h.91)
– Həmçinin buyurub: “Fədakarlıq yaxşı adamların xarakteridir”. (Ğurərul-Hikəm: 606 və 882; Uyunul-Hikəm vəl-Məvaiz: s.23, h.197)
– Həmçinin buyurub: “Fədakarlıq ən gözəl ehsan və imanın ən uca mərtəbəsidir”. (Ğurərul-Hikəm: 1705)
– Həmçinin buyurub: “Fədakarlıq ibadətlərin ən fəzilətlisi, ağalığın ən mükəmməl olanıdır. (Ğurərul-Hikəm: 1148, Uyunul-Hikəm vəl-Məvaiz: s.29, h.439)
– Həmçinin buyurub: “Ən üstün səxavət fədakarlıqdır”. (Ğurərul-Hikəm: 2888, Uyunul-Hikəm vəl-Məvaiz: s.111, h.2405)

понедельник, 24 октября 2016 г.

Həzrət Zeynəbin (s) qəbri haradadır?

Bu barədə tarixçilər arasında ixtilaf var...
Həzrət Zeynəb (s) Kərbəla hadisəsindən sonra bir an da olsa, susmadı və inqilabın hədəflərini yaydı.
Bundan qorxuya düşən Üməyyə hakimiyyəti həzrət Zeynəbi (s) Mədinədən sürgün etmək qərarına gəldi. Amma hara sürgün olunması barədə iki fikir var:
1. Misrə sürgün edilib və Kərbəla hadisəsindən sonra 1 il 6 ay yaşayan həzrət Zeynəbin qəbri Qahirədədir. Hicrinin 62-ci ili Rəcəb ayının 15-də vəfat etmişdir. (Məhəllati "Rəyahin əş-Şəriə", 3/34; Sadiq Ərdistani, "Qəhrəmane Kərbəla", s.398);
2. Şama sürgün edildi və vəfatından sonra Dəməşqin bir fərsəxliyində Raviyə məhəlləsində dəfn edildi. Bu gün Zeynəbiyyə adı ilə məşhurdur. (Seyid İbrahim Zəncani, "Vəsilətud-dareyn", s.433; "Rəyahin əş-şəriə", 3/37);
3. Bəziləri də deyir ki, həzrət Zeynəb (s) Mədinədə Bəqi qəbiristanlığında dəfn edilibdir.
Seyyid Möhsin Əmin (Ə`yanuş-şiə) və Məhəllati (Rəyahin əş-Şəriə) və Əllamə Bircəndi (Kibrite Əhmər) bu fikrin tərəfdarlarıdır.

воскресенье, 23 октября 2016 г.

"Tariq" surəsi 7-ci ayənin təfsiri

Allah-taala məad məsələsinə dair – bunu qeyri-mümkün hesab edən insanlar qarşısında dəlil olaraq belə buyurur: “İnsan gərək nədən yaradıldığına nəzər salsın!”
Bu ardıcıllıqla Quran bütün insanların əlindən tutaraq birinci yaradılışa qaytarır və bir sual cümləsilə onlardan soruşur: Sizin yaradılışınız nədən olmuşdur?
Onların suala cavab verməsini gözləmədən aydın olan bu sualın cavabını elə özü cavablayır və əlavə edir: “O, axıb tökülən bir sudan yaradılmışdır”. Bu, kişinin nütfəsinə (spermasına) edilən xarakterizədir ki, onun içində olur və çıxarkən sıçrayışa malikdir.
Sonra başqa bir vəsfdə bu sudan söz açır: “Sülbün və sinə sümükləri arasından çıxır”.

суббота, 22 октября 2016 г.

Hansı günlərdə həyat yoldaşı ilə yaxınlıq etmək olmaz?

Sual: Bilmək istəyirdim Məhərrəm və Səfər aylarında nütfə bağlanmasının hökmü nədir?

Cavab: Məhərrəm və Səfər aylarında nütfə bağlanmasının bir problemi yoxdur.

Bəzi günlər və zamanlar vardır ki, insanın öz həyat yoldaşı ilə yaxınlıq etməsi haramdır. Əgər bu zaman içərisində nütfə bağlansa, gələcək yaşayışı boyunca onda mənfi təsirlərin üzə çıxması mümkündür. Bəzi günlər və zamanlar var ki, insanın öz həyat yoldaşı ilə yaxınlıq etməsi məkruhdur (bəyənilmir). Bu əsnada nütfə bağlanarsa, onda mənfi təsirlərin üzə çıxması daha azdır. Lakin bəzi günlər və zamanlar var ki, insanın öz həyat yoldaşı ilə yaxınlıq etməsi və nütfənin bağlanması yaxşıdır. Hər üç məqama müxtəsər şəkildə nəzər salaq:

пятница, 21 октября 2016 г.

Nələrin üzərinə səcdə etmək olar?

– Yerə və yerdə bitən şeylərə səcdə etmək olar. Məsələn, ağac və ağac yarpağının üzərinə səcdə etmək olar.
– Arpa və buğda kimi yeyilən, pambıq kimi geyilən, yerdən çıxan qızıl, gümüş və bu qəbil şeylərin üzərinə səcdə etmək olmaz. Lakin mərmər kimi mədən daşlarının üzərinə səcdə etmək olar.
– Əlacsız qaldıqda qır kimi şeylərin üzərinə səcdə etmək olar;
– Əgər üzüm yarpağı yumşaq və yeyiləsi halda olarsa, onun üzərinə səcdə etmək olmaz. Bu halda olmazsa, eybi yoxdur;
– Heyvan yemi sayılan və yür üzərində bitən ot və saman kimi şeylər üzərinə səcdə etmək olar;
– Yeyilməyən güllərin üzərinə də səcdə etmək olar. Lakin elə bitkilər var ki, yerdən çıxır, onlardan dərman kimi istifadə olunur, qaynadılaraq suyu içilir – bu cür bitkilər üzərinə səcdə etmək olar. Məsələn, bənövşə və mal dili bitkisi kimi;

четверг, 20 октября 2016 г.

Oxunulan və eşidilən şeyləri yadda saxlamaq üçün dua


Peyğəmbər (s) İmam Əliyə (ə) buyurdu: "Əgər oxuduğun və eşitdiyin hər bir şeyi yaddaşında saxlamaq istəyirsənsə, hər namazdan sonra bu duanı oxu:
“Pakdır (bizim ona nisbət verdiyimiz bəşəri sifətlərdən ) O Allah ki, Öz mülkündə olanlara zülm etməz. Pak və münəzzəhdir O Allah ki, yer əhlini müxtəlif əzablara düçar etməz. Pak və münəzzəhdir O Allah ki, rəuf və mehribandır. Ey Allah! Mənim qəlbimdə nur, bəsirət, dərk və elm qərar ver. Həqiqətən də, Sən hər şeyə qadirsən.

İmam Əliyə istinad edilən bəzi əsassız kəlamlar

Aşağıda yazdığım və İmam Əliyə (ə) nisbət verilən hədislərin heç biri şiələrin mötəbər kitablarında keçməyib. Bundan əlavə, bu hədislərin ilk mənbəsi əhl-sünnə sufiləri və şiə ğulatları olublar. Həmçinin bu hədislərin mötəbər mənbəsi olmadığı kimi, mötəbər sənədi də yoxdur və demək olar ki, ümumiyyətlə sənədsizdirlər. Araşdırmalar göstərir ki, bunlar hədis deyil, bəlkə arif və sufi adlanan camaatın dilində gəzən sözlər olubdur. Yenə də qeyd edirəm ki, mötəbər sənəd və mənbələri yoxdur, bəzən Quran ayələri, bəzən də tarix ilə ziddiyyət təşkil edir. Həmçinin Qurani-Kərimin İmam Əli (ə) zamanında indiki şəkildə nöqtələnməsi isbat oluna bilməyib. İmam Əlinin (ə) şagirdlərinin gördüyü iş Quranın səslərini rəngli nöqtələrlə göstərmək olub. Məsələn “ə” səsi üçün hərifin üzərində “yaşıl” nöqtə, “i” səsi üçün hərifin aşağısında “yaşıl” nöqtə və ... Bu iddianı İmam Əli, İmam Həsən və İmam Səccadın xətti ilə bizim əlimizə gəlib çatmış nüsxələr də təsdiq edir. Çünki həmin nüsxələrdə səslər rəngli nöqtələr ilə göstərilib, amma hərflər nöqtəsizdir.

среда, 19 октября 2016 г.

Rəvayətlərdə yaxşılıqlara dəvət etməyin mövqeyi

Peyğəmbər (s) buyurmuşdur: “Yaxşılıqlara dəvət edənlər yer üzərində Allahın canişinləridir”.
Möminlərin Əmiri Əli (ə) buyurmuşdur: “Bütün xeyir işlər, hətta Allah yolunda cihad belə, yaxşılıqlara dəvətlə müqayisədə ağız suyunun dəryanın suyuna olan nisbəti kimidir”. (“Nəhcül-Bəlağə”, hikmət 377)
Həzrət Əli (ə) buyurmuşdur: “Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək ümumi camaat üçün bir məsləhətdir (çünki onların yaxşı işlərə olan stimulu artsın). Pisliklərdən çəkindirmək azğınlığa meyilləri çox olan ağılsız fərdlər üçün güclü kontrol vasitəsidir”. (“Nəhcül-Bəlağə”, hikmət 252)
İmam Baqir (ə) şikayət edərkən buyurmuşdur: “Elə fərdlər var ki, əgər namaz onların malına, yaxud canına zərər vursa, onu tərk edərlər; o cür ki, vacibatın ən böyüyü və ən şərəflisi olan – yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməyi elə ona xatir boş buraxdılar”. (“Əl-Kafi”, c.4, s.55)

Səbir və güzəşt

“Və əlbəttə, kim səbir etsə və bağışlasa, həqiqətən, bu, möhkəm işlərdəndir”, (“Şura” surəsi, 43-cü ayə)
Bildirişlər
1. Camaatının hüququnu tapdalamaq (hətta müsəman olmasa belə, hər bir halda) rəva və yaraşan bir şey deyil. Bu məsələ araşdırılmalı və buna görə hesab vermək lazımdır.
2. Zülmü ifşa etmək lazımdır ki, fitnənin, pozğunçuluğun çalarları ortaya çıxsın və cəmiyyətə vurduğu zərbə əyan olsun.
3. Camaatın dünyadakı vəzifəsi zülmü ifşa etmək, yardım istəmək olsa da, Allah da zalımların haqq-hesabını edəcəkdir.
4. Zülm etmiş adam üçün keçmək sadə iş deyil. Bunun üçün möhkəm iradə və qərar lazımdır.
5. Özünü saxlamaq və (intiqam almaq əvəzində) keçmək Quranın tapşırıq mövzusudur.

Tövsiyə olunması ən zəruri şeylər - səbir və mərhəmətdir

Dəvət olunması gərəkən ən üstün yaxşı işlər səbir və rəhmətdir
Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir. Ayələrimizi inkar edənlər isə sol tərəfə sahibdirlər. Od onların üzərində qapanacaqdır”. (“Bələd” surəsi, 17–20-ci ayələr)
Bildirişlər:
1. İman yaxşı işlərin qəbul olunma şərtidir
2. Bütün müsəlmanlar bir-birlərinə səbr və mərhəmət tövsiyə etməlidirlər.
3. Bilmək kifayət deyil. Demək və eşitmək də təsiredicidir.
4. Tövsiyə edilməsi zəruri olan ən üstün yaxşılıqlar səbir və mərhəmətdir.
5. Özünü düzəltdikdən, öz üzərində işlədikdən sonra başqalarını yaxşı işlərə dəvət etmək lazımdır.

"Kafir" nə deməkdir?

Bəqərə surəsi 6-cı ayə haqqında
“Həqiqətən, kafir olan kəsləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər”.
“Küfr” örtmək, diqqətə almamaq mənasındadır. Əkinçiyə və gecəyə də “kafir” deyirlər. Çünki əkinçi toxumu torpağın altında gizlədir. Gecə isə fəzanı örtür.  
Nemətlərə küfr edənlər də bu nemətləri görməzdən gələnlər anlamındadır. Dinə qarşı inkarçı mövqedə olanlar – ilahi həqiqətləri və ayələri gizlətdiklərinə və onları gözardı etdiklərinə görə kafir adlandırılmışlar.
Quran müttəqilərdən (təqvalı olanlar) sonra kafirlərdən ibarət bir dəstəni xarakterizə edir. O kəslər ki, azğınlıq və haqqı ört-bastır etməkdə elə israrlıdırlar ki, ilahi ayətləri qəbul etməyə hazır deyillər. Onların peyğəmbərlərin dəvəti qarşısında durum və potensialları belə idi: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir” (“Şüəra”, 136).
Əgər uyğun və münasib zəminə olmasa, peyğəmbərlərin dəvəti təsiredici olmayacaqdır.
Hazırladı: Fərid Abdullah

вторник, 18 октября 2016 г.

“Nəzir”in ifadə forması necədir?

Ayətullah Xamenei nəzrin əqd olunmasında niyyəti kafi hesab etmir. Onu qeyd etmək, adını çəkmək forması da vardır ki, bu da zəruridir. Baxmayaraq ki, bu formanı ərəbcə deməyə ehtiyac yoxdur.
Nəzrin deyilmə forması belədir “Lillahi ələyyə ən əf`ələ kəza” – və bunun tərcüməsini demək mümkündür. Yəni “Allah üçün filan işi etmək mənim üzərimdədir”. Yaxud “Lillahi ələyyə ən usalliyə səlatəl-leyl” – yəni Allah üçün mənim üzərimdədir (öhdəçiliyimdə və boynumdadır) ki, gecə namazı qılım.
Ayətullah Xameneinin fikrinə əsasən, “Nəzir edirəm” ifadəsi şəri meyarlar əsasında nəzir sayılması üçün keçərli deyil. Yəni əgər bir nəfər “Allah rizası üçün filan işi görəcəyəm” deyərsə, şəriətə uyğun forma əmələ gəlmir. Həmçinin onun nəzəri belədir ki, aşağıdakı qaydada deyilərsə, bu nəzirin əqd hesab olunması şübhəlidir:
“Nəzərtu lillahi ən əsum” (Allah üçün oruc tutmağı nəzir etdim)

воскресенье, 16 октября 2016 г.

İmamət məqamı nübüvvət məqamından üstündürmü?

Tarix boyu yaşamış peyğəmbərlərlə müqayisədə imamların şənlərilə əlaqədar şiələrin inancları nədir?
Quran belə deyir: (Məna tərcüməsi) “Bir zaman Allah İbrahimi cürbəcür vasitələrlə imtahan etdi və o, bu sınaqların öhdəsindən yaxşıca gəldi. Allah ona dedi: “Mən səni camaata imam (və başçı) qərar verdim”. İbrahim dedi: “Nəslimdən də?” Allah buyurdu: “Mənim əhd-peymanım zülmkarlara çatmaz! (Övladlarından yalnız pak və məsum olanlar bu məqama layiqdirlər)”. (“Bəqərə”, 124)
Qeyd olunan ayədən bir neçə mətləb əldə etmək olar:
1. İmamət məqamına yetişmək üçün zati istedad, saflıq və batini nuranilik lazımdır. Hər kəs belə bir fəxrolunası məqama yiyələnə bilməz. Elə buna görə də, həzrət İbrahim batini gözlə səma və yer mələkutunu müşahidə etdikdə və yəqin mərtəbəsinə çatdıqda (“Ənam” surəsi, 75-ci ayə), Nəmrudun tonqalına atılmaq, İsmaili qurban etmək və s. kimi sınaq və imtahanlardan keçməklə qabiliyyət və istedadı sübuta yetdi. Bütün bunlardan sonra Allah tərəfindən ona vəhy olundu ki, səni imamət məqamına ucaltdım.

суббота, 15 октября 2016 г.

Gecə namazının hökmləri

 1. Gecə namazının vaxtı gecə yarısından fəcrin doğuşuna qədərdir. Ən üstünü budur ki, gecənin üçdə birində və fəcrin doğuşuna yaxın qılınsın.
            2. Gecə namazının yüksək səslə (yəni adi danışıq səsilə) qılınması müstəhəbdir. Əlbəttə, insan riayət etməlidir ki, onun səsi başqalarını narahat etməsin. Lakin səsindən kimsə yuxudan durub, namaz qılacaqsa, heç bir problemi yoxdur. Həm də diqqət etmək lazımdır ki, insan yüksək səslə namaz qılarkən, niyyəti özünü kiməsə göstərmək və riyakarlıq olmasın.
            3. Daha üstün budur ki, gecə namazı ayaq üstə qılınsın. Amma bunu etmək məşəqqətli olarsa, yaxud ayaq üstə namaz qılmaq iqtidarında olmasa, oturaq halda qıla bilər. Hətta gecə namazını yol gedərkən, maşının içində və sair hallarda da qılmaq olar.
4. Əgər bir nəfər yuxudan ayılıb, təkcə “Şəf`” və “Vətr” namazı üçün vaxt qaldığını görsə, 11 rəkəti qılmağa başlaya bilməz. Amma 11 rəkətdən 4 rəkət qılsa, sonra fəcrin doğuşu olduğunu anlasa, namazın qalanını fəcrin doğuşundan sonra davam edə bilər. Ardınca da sübh namazının nafiləsini və özünü qılar.
5. “Şəf`” namazının qunutu yoxdur. Əgər kimsə bu namazda qunut tutmaq istəsə, savab və rəca(ümid) qəsdilə qunut tutmalıdır.

Əhli-Beyt tərəfdarlarının haqq olmasına dair dəlillər

Sual: Bir dəfə mən Əhli-Sünnə vəl-Camaat nümayəndəsilə söhbət edirdim. Şeyx Qunduzinin “Yənabiul-Məvəddət” kitabından, həmçinin “Kənzül-Ummal”dan Əhli-Beyt məktəbinin ardıcıllarının haqq olduğunu təsdiqləmək üçün dəlil gətirdim. O isə deyirdi: Bu kitablar Əhli-Sünnəyə görə məqbul sayılmır. Lütfən, mənə “Yənabiul-Məvəddət”, “Kənzül-Ummal” və sair yazarların kitabları haqqında məlumat verərdiniz.
Cavab: Şeyx Mahmud Qundurzi Əhli-Sünnə alimlərindəndir və şafei məzhəbindəndir. O, “Yənabiul-Məvəddət” kitabını yazmışdır. Müttəqi Hindi də Əhli-Sünnə alimlərindəndir və “Kənzül-Ummal” kitabını yazmışdır.

среда, 12 октября 2016 г.

Şəhidin xüsusiyyəti

“(Əsla) Allah yolunda qətlə yetirilən kəslərin ölü olduqlarını hesab etmə! Əksinə, (bu kəslər) diri olanlardır ki, Rəbləri yanında onlara ruzi verilir”. ("Ali İmran", 169)
Şəhid olmaq həyatı sona çatdırmaq deyil. Əksinə, dirilikdir. Elə canlılar vardır ki, sağ ikən ölüdürlər.
Diri olmaq insanın əldə edə biləcəyi ən yüksək nəaliyyətlərdəndir.
Allah yolunda öldürülən kəsin mövqeyi ucadır. Çünki onların dəyəri Allah qatında dəyərləndirilmişdir və onlar davamlı olaraq mükafatlandırılırlar.
Allah şəhidlərin xatirəsini həm dünyada diri saxlayır, həm onları örnək göstərir, həm onları mükafatlandırır, həm də onlara ali axirət həyatı bəxş edir.

вторник, 11 октября 2016 г.

İmam Hüseynə əzadarlıq etməyin fəlsəfəsi nədir?

Sual: Lütfən, müxtəsər şəkildə İmam Hüseynə əzadarlıq saxlamağın fəlsəfə və əhəmiyyətini izah edərdiniz.
Cavab:
1. Quran dahi insanların və din dostlarının ali xüsusiyyətlərini və fəzilətlərini diri saxlamağı müxtəlif ayələrdə təkid etmişdir.
2. Əhli-Beyt tərəfdarlarının imamları Kərbəlar hadisəsini müxtəlif metodlarla diri saxlamağa təşviq ediblər. Məsələn:
a. Matəm məclisləri qurmaq;
b. Ağlamaq və ağlatmaq;
c. Şairlərin mərsiyə qoşması;
d. İmam Hüseyni ziyarət etməyə rəğbətləndirmək.

Məsciddən Quran götürüb evdə oxumaq olarmı?

Sual: Əgər məscidə vəqf olunmuş Quranı oradan çıxarsaq və evə aparsaq, bir gün sonra isə həmin məscidə qaytarsaq, hökmü necə olacaq?
Cavab: Məscid vəsaitlərini, o cümlədən Quranı oradan çıxarmaq vəqfin xüsusiyyətinə bağlıdır. Əgər məsciddə istifadə olunması üçün vəqf olunubsa, məsciddən bayıra çıxarmaq caiz deyil. Buna görə də, əgər bir şəxs Quranı məsciddən çıxararsa, vəqfin ziddinə iş görmüşdür. Məsələni bildiyi və qəsdən belə etdiyi təqdirdə günah etmişdir. Gərək onu məscidə qaytarsın. 

пятница, 30 сентября 2016 г.

İbrahim peyğəmbərin kitabı indiki dövrdə mövcuddurmu?

Görəsən həzrət İbrahimin kitabı hal-hazırda mövcuddurmu? İndiki zamanda onun mətnini əldə etmək mümkündürmü?
Cavab: İndiki zamanda həzrət İbrahimin kitabı adı altında bir şey əlimizdə yoxdur. Baxmayaraq ki, aşağıdakı mənbələrdə bu barədə izahlar verilmiş və ondan bir neçə şey qeyd olunmuşdur:
1. Qurani-Kərimdə İbrahimin səhifələri adı ilə o həzrətin kitabı haqqında zikr olunmuş, həmçinin deyilmişdir ki, “Əla” surəsinin moizələrindən bir hissəsi həzrət İbrahimin səhifəsində də mövcud olmuşdur. (“Əla”, 19)

пятница, 16 сентября 2016 г.

Şükür namazını necə qılaq?

İmam Sadiqin şükür namazı haqqında belə buyurduğu nəql olunmuşdur:
 محمد بن يحيى، عن أحمد بن محمد، عن محمد بن إسماعيل، عن أبي إسماعيل السراج، عن هارون بن خارجة، عن أبي عبد الله (عليه السلام) قال: قال في صلاة الشكر: إذا أنعم الله عليك بنعمة فصل ركعتين تقرء في الأولى بفاتحة الكتاب وقل هو الله أحد وتقرء في الثانية بفاتحة الكتاب وقل يا أيها الكافرون وتقول في الركعة الأولى في ركوعك وسجودك: " الحمد لله شكرا شكرا وحمدا " وتقول في الركعة الثانية في ركوعك و سجودك: " الحمد لله الذي استجاب دعائي وأعطاني مسألتي ".

Allah sənə bir nemət bəxş etdikə iki rəkət namaz qıl; birinci rəkətdə “Fatihə” və “İxlas” surəsini oxu. İkinci rəkətdə isə “Fatihə” və “Kafirun” surəsini oxu. Birinci rəkətdə rüku və səcdələrində de: “Əlhəmdu lillə̃hi şukrən, şukrən və həmdən” (Həmd Allahındır, şükür, şükür və həmd olsun); ikinci rəkətdə rüku və səcdələrində de: “Əlhəmdu lillə̃hil-ləzἶ istəcə̃bə du`ã`ἶ və ə`tãnἶ məs`ələtἶ” (Həmd o Allaha məxsusdur ki, mənim duamı müstəcəb etmiş və xahişimi (istəyimi) mənə əta etmişdir).

понедельник, 29 августа 2016 г.

Harun Ər-Rəşidin dövründə yaşamış Bəhlul kim olub?

İslam dünyasında “Buhlul” “بُهْلُول” adlı bir neçə insan olmuşdur. Lakin məşhur Bəhlul həmiş şəxsdir ki, Harun Ər-Rəşidin dövründə yaşamış (İbn Cövzi, Əbdürrəhman ibn Əli, "Əl-Müntəzəm”, c.9, s.202) və İmam Cəfər Sadiqin əshabından sayılmışdır. (Ağa Bozorg Tehrani, “Əz-Zəriətu ilə təsanifiş-Şiə, c.8, s.62) Rəvayətə görə Harun Ər-Rəşidin əmisi oğlu olmuşdur. (Müstəfəvi, “Tarixi-Qozide”, s.637) Bəhlulun tam adı Buhlul ibn Əmr əs-Seyrəfi, Əbu Vəhib əl-Məcnundur. (Xətib Bağdadi, “Tarixu Bağdad”, c.21, s.65) Nəzərə çarpır ki, o Buhlul ibn Məhəmməd əs-Seyrəfidir ki, Şeyx Tusi onu İmam Sadiqin əshabından hesab etmişdir. (Tusi, “Əl-Əbvab” (Ricalut-Tusi), s.173)

Qəbir üzərindəki yazıları oxumaq unutqanlığa səbəb olurmu?

Sual: Bir yerdə oxumuşam ki, qəbirlərin üzərindəki yazıları oxumaq yaddaşsızlığa, unutqanlığa səbəb olur. İndi rəvayəti dəqiq bilmək istəyirəm. Qəbrin üzərində yazılanlar deyərkən nə nəzərdə tutulur? Yəni qəbrin üzərinə yazılan ad, soyad, şeirlər nəzərdə tutulur? Oxumamağın səbəb və fəlsəfəsi nədir?
Cavab: Bəli, qəbirlərin üzərindəkiləri oxumağın yaddaşsızlığa, korazehinliliyə səbəb olması barədə rəvayət mövcuddur. Toplam şəkildə iki rəvayət nəql olunmuşdur. Bu rəvayətlər sənəd baxımından zəifdirlər. Lap bunu qəbul etsək və sənədinin zəif olmasına göz yumsaq belə, belə bir fikir irəli sürmək olar, ola bilər ki, qəbir üzərində yazılanların oxunmamasını tövsiyə etməkdə məqsəd budur ki, insan qəbiristanlıqda ölüm haqqında təfəkkür etmək, yaxud tanışlarının məzarı başında Quran oxumaq əvəzinə oturub başqalarının məzar daşında yazılanları oxuyaraq zehnini qarışdırmamalıdır.

суббота, 27 августа 2016 г.

İslamı qəbul etməyənlər cahiliyyət dönəmində də pis adamlar idilərmi?

Bu mətləb düzgündürmü ki, İslamı qəbul etməyən kəslər cahiliyyət dönəmində də pis, qəbul edən hər kəs isə cahiliyyət dönəmində yaxşı insan olmuşdur?
Bu, ümumi bir əsas ünvanında Qurani-Kərimdə bildirilmişdir ki, insanda müsbət qabiliyyət və münasib zəminə olmalıdır ki, hidayət ola bilsin. Məsələn, “Maidə” surəsinin 16-cı ayəsində deyilir: “Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir”.
Yaxud “Əhqaf” surəsinin 10-cu ayəsində deyilir: “Allah zalımları doğru yola yönəltməz!” Bu ayədən məlum olur ki, zülm bəsirət və hidayətə maneə yaradır, həmçinin ilahi lütflərdən məhrum olmağa səbəb olur.
İmam Sadiqdən hər iki dövrdə olmuş fərdlərin rəftarının təhlili barədə rəvayət olunmuşdur ki, insanlar mədənlərdir, eynən qızıl və gümüş mədənləri kimidirlər. Cahiliyyət dönəmində bünövrəsi olanın İslamda da bünövrəsi vardır. (Əl-Kafi, c.8, s.177)

пятница, 26 августа 2016 г.

İmam Hüseynin şəhadət xəbəri Peyğəmbəri üzübmü?

Belə bir rəvayətimiz var, məzmunu belədir ki, İmam Hüseynin şəhadət xəbəri Peyğəmbər, Əmirəlmöminin və Fatimə Zəhraya çatdıqda onlar narahat oldular, bunu qəbul etmədilər. Sonra Cəbrail onlara xəbər gətirdikdə qane oldular. Başqa bir tərəfdən də onlar ilahi əmrlərə müti olublar. İndi bu iki məsələni bir yerə necə cəm etmək olar?
İmam Hüseyn doğularkən onun şəhadət xəbəri Peyğəmbər, İmam Əli və Faitmə Zəhraya verilmişdi. Amma onların heç biri bu məsələyə etiraz etməyiblər, öz narahatçılıqlarını, ya xüsusi rəftar sərgiləyərək bunu qəbul etmədiklərini bildirməyiblər. Əksinə, bəzi rəvayətlərdə mövcuddur ki, onlar belə bir xəbəri eşitcək təkcə təsirlənmiş və ağlamışdılar ki, bu da normal insan hissləri ilə uyğundur və ilahi əmrə müxalifətçilyi göstərmir.

четверг, 25 августа 2016 г.

Peyğəmbərlərin duasının bizim dualardan fərqi varmı?

Peyğəmbərlərin zikrlərinin adi camaatdan fərqi varmı? Məsələn, adi camaat “Əstəğfirullah” (Allahdan bağışlanmağımı istəyirəm), peyğəmbərlər isə “Ya Ğafirəl-Xətaya” (Ey xətaları Bağışlayan) deyir? Əgər adi şəxslər bu cür desələr, peyğəmbərlərlə eyni dərəcədə olurlar, ancaq peyğəmbərlik məsələsinə görə sıravi camaat onlardan aşağı dərəcədə olur?
Məsələ sualda qeyd edildiyi kimi deyil. Əksinə, sıravi camaata tövsiyə olunan zikrlərdə də “Ya Ğafirəl-xətaya” zikri mövcuddur. Məsələn, “Cövşən-Kəbir” duasında “Ya Ğafirəl-Xətaya” ifadəsi qeyd edilmişdir. Həm də rəvayət olunmuşdur ki, peyğəmbərlər də istiğfar etmişlər.

понедельник, 15 августа 2016 г.

"Nisa" surəsi 164-cü ayə peyğəmbərdən sonrakı höccəti inkar etmirmi?

Məgər “Müjdə verən və xəbərdarlıq edən elçilər (də göndərmişik) ki, (daha bu) elçilərdən sonra camaatın Allaha bir höccəti olmasın” – kimi ayələr peyğəmbərlərdən sonra başqa bir höccətin olmayacağına şahidlik etmir? Görəsən bu, şiələrin inancına zidd deyilmi?
Məsum imamların höccət olmasını sual altına qoyan və bunun xatəmiyyət ilə ziddiyyət təşkil etməsilə əlaqədar şübhələrdən biri budur ki, qeyd edilən ayə (“Nisa” surəsi, 164-cü ayə) xatəmiyyətə və peyğəmbərlərdən sonra ilahi höccətin olmasının qeyri-mümkünlüyünə dəlalət edir. Bu şübhəni yayan şəxslər ilk öncə yuxarıdakı ayəni səhv tərcümə və yanlış təfsir etmişlər, beləcə, nadürüst bir nəticəyə varmışlar. Onların gəldiyi nəticə budur ki, ilahi elçilərdən sonra Allah kimsəni höccət qərar verməmişdir. İslam dinində bu ayənin hökmünə əsasən peyğəmbərlərdən sonra kimsə höccət deyildir. Peyğəmbərlərdən başqa birisinə vəhy olunmayıb. Lakin məzhəbdə hər bir imam höccət və hər başçının söylədikləri də höccətdir.

воскресенье, 14 августа 2016 г.

İmam Hüseynin Rüqəyyə adlı bacısı olmuşdurmu?

İmam Hüseynin Rüqəyyə adlı bacısı olmuşdurmu? O da həzrətin digər bacıları kimi Kərbəlada iştirak etmişdirmi?
Bəzi hədis və tarix mənbələrinin nəqlinə əsasən, İmam Əlinin Ruqəyyə adlı qızı olmuşdur və onu öz əmisi oğlu Müslim ibn Əqillə evləndirmişdir. Ruqəyyənin bir neçə övladı oldu: Abdullah, Əli və Məhəmməd. Abdullah Kərbəlada şəhid olmuşdur. (Fəzl ibn Həsən Təbərsi, “Elamul-Vəra bi-Ə`lamil-Huda”, c.1, s.397; İbn Əbüddünya Əbu Bəkr Abdullah ibn Məhəmməd, “Məqtəlul-İmam Əmiril-Muminin Əli ibn Əbi Talib, s.122; Əhməd ibn Yəhya Bəlazəri, “Ənsaful-Əşraf”, c.2, s.70-71; Əli ibn Hüseyn Əbülfərəc İsfəhani, “Məqatilut-Talibiyyin, s.98)
Bəziləri deyib ki, İmam Əlinin Rüqəyyə adlı qızı uşaqlıqda vəfat etmişdir. (Əbu Bəşər Dulabi, “Əz-Zurriyyətut-Tahirə”, s.92; Sibt ibn Cövzi, “Təzkirətul-Xəvass minəl-Umməti fi Zikri Xəsaisil-Əimmə”, s.289)

“Bismillahir-rəhmanir-rəhim” ifadəsinin 19 hərf olmasının bir fəlsəfəsi varmı?

Təfsir kitablarında iki rəvayət vardır ki, suala uyğun açıqlanmışdır. Bunu nəzərə alaraq, əvvəlcə həmin iki rəvayəti və onların mənbələrini qeyd etmək, daha sonra onların möhtəvasının və sənədinin təhlilini aparmaq lazımdır.
Rəvayətləri bəyan etməzdən öndə bilməyimiz lazımdır ki, Qurani-Kərimdə bir ayənin açıqlamasına görə, Cəhənnəmdə on doqquz nəfər nəzarətçilik vəzifəsini daşıyırlar: “Onun üzərində on doqquz (gözətçi) vardır.” (Muddəssir, 30). Bu rəvayətlər də bir növ Quranın həmin ayəsini nəzərdə tutmuşdur.
Birinci rəvayət: Qurtubi Əhli-Sünnənin h.q. yeddinci əsr müfəssirlərindəndir. O, belə bir məzmunda rəvayət nəql etmişdir: Abdullah ibn Məsud deyib: "Kim Allahın onu on doqquz zəbanidən (qoruqçu, nəzarətçi, əzab verən) xilas etməsini istəyirsə “Bismillahir-rəhmanir-rəhim” oxusun ki, (bununla) Allah-taala (bu ifadənin) hər bir hərfi qarşılığında (həmin on doqquz nəfərin) hər birindən bir sipər qərar verər”. (Məhəmməd ibn Əhməd Qurtubi, “Əl-Came li-Əhkamil-Quran”, c.1, s.92)

пятница, 12 августа 2016 г.

“O gün yer başqa bir yerlə əvəz olunar” ayəsinin mənası nədir? ("İbrahim", 48)

Yer və göylərin əvəz olunmasının (“İbrahim”, 48) mənası barədə təfsir alimləri müxtəlif nəzərlər söyləmişlər. Burada onlardan bəzilərini müxtəsər şəkildə təqdim edirik:
1. Həmin gün (Qiyamətdə) yer gümüş, səma isə qızıl olacaqdır. (Fəxrəddin Razi, “Məfatihul-Ğeyb”) Ola bilər ki yerin gümüş kimi pak və səmanın qızıl kimi parlaq olacağını nəzərdə tutublar.
2. Həmin gün yer Cəhənnəm, asiman isə Cənnət olacaqdır. (Təbərsi, “Məcməul-Bəyan)
3. Yer bir tikə xoşdadlı çörək olacaqdır ki, camaat Qiyamət günü boyu ondan yeyəcəklər. (Məcməul-Bəyan)
4. Yer hər kəs üçün ehtiyac duyacağı durumda əvəz ediləcəkdir. Möminlər üçün çörək halını alacaqdır ki, məhşər günü boyunca ondan qidalanacaqdır, başqaları üçün gümüş, kafirlər üçünsə atəş olacaqdır. (Məcməul-Bəyan)

четверг, 11 августа 2016 г.

Rəbbin Ərşini daşıyanlar (Haqqə, 17)

"Mələklər də onun ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün Rəbbinin ərşini onların (başı) üstündə səkkiz (nəfər, yaxud dəstə) daşıyacaqdır!
"Ərca" bir şeyin tərəfləri, yönləri mənasındadır. "Mələk" burada təkdə olsa da, məqsəd cəmdir.
Sanki həmin gün mələklər hamılıqla əmrə müntəzir şəkildə bir meydanın ətrafında durmuş və hökmü icra etmək intizarında olacaqlar. Onlar göylərdə cərgə qurmuş və haqqın fərmanının intizarındadırlar.
Sonra buyurur: Həmin gün səkkiz mələk onların üstündə Rəbbinin Ərşini daşıyacaqlar. 
Bu ərşi daşıyanlar açıq şəkildə burada bəlirlənməyib ki, mələklərdir, yoxsa başqa biriləridir. Ancaq ifadələrdən belə aydın olur ki, onlar mələklərdir. Lakin aydın deyil ki, onlar səkkiz mələkdir, yoxsa səkkiz kiçik, yaxud böyük dəstədə olan mələklərdir.

вторник, 9 августа 2016 г.

İslamdan öncə cahiliyyət dönəmində bütün ərəblər öz qızlarını öldürürdülər?


Qurani-Kərim və taixi mənbələrdən belə nəticə əldə olunur ki, cahiliyyət dönəmində hamı deyil, əksər insanların qız uşağından acıqları gələrdi. Onlardan bəziləri qızlarını öldürər, bəzilərisə cəmiyyətdə xəcalətli olmağı üzərilərinə götürərək, narahatçılıq içində öz qızlarını saxlayardılar.
Quran onlar barəsində belə buyurur: “Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər!” (“Nəhl” surəsi, 58-59)
Qurani-Kərim bu ayədə İslam öncəsi cahiliyyət mədəniyyətində qız uşaqlarını diri halda torpağa gömdüklərinə işarə edir və bildirir ki, əgər onlardan birinə həyat yoldaşının qız uşağı dünyaya gətirdiyini xəbər versəydilər, onlar elə narahat olardılar ki, qəzəbdən çöhrələri qaralardı. Öz-özünə düşünərdi ki, görəsən xarlıq və sıxıntı içində qalaraq qızına baxsın, yoxsa onu diri halda torpağa gömsün? Əlbəttə bəzən qızlarını narahatçılıqla da olsa saxlayar, bəzən diri halda torpağa gömərdilər.
Cahiliyyət dönəmmindəki bu alçaq adət-ənənənin müxtəlif səbəbləri vardı:

пятница, 5 августа 2016 г.

Ölüyə Quran oxumaq düzgündürmü? Bu barədə hədis mövcuddurmu?

Suala cavab verməzdən öncə bəzi məsələlərə nəzər salmaq lazımdır. Bu məsələlər həll olunduqdan sonra bu sualın cavabı da aydın olacaqdır:
İslamın nəzərinə əsasən, ölüm nə deməkdir? 
İslama görə ölüm insanın yoxa çıxması və aradan getməsi anlamında deyil. Əksinə, məna budur ki, insanın yoxluğu qəbul etməyən, yəni yoxa çıxmayan ruhu bədənilə olan əlaqə və rabitəsini kəsir. Nəticədə bədən aradan gedir, ruh isə müəyyən zamana qədər öz yaşayışına davam edir. Sonra isə yenidən bədənə qayıdacaqdır. 
Quranda buyurulur: “Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə, 10, 11)

среда, 3 августа 2016 г.

Əgər Peyğəmbər yazıb-oxumağı bilmirdisə, bəs nə üçün vəfat öncəsi kağız, qələm istədi ki, vəsiyyət yazsın?

Sual verilə bilər ki, Peyğəmbərin savadsız olması, yəni yazıb oxuya bilməməsi düzdürmü? Elədirsə bəs nə üçün vəfat öncəsi kağız və qələm istədi?
Düzdür ki, Qurani-Kərimdə Peyğəmbər "ümmi" ifadəsilə xarakterizə olunmuşdur. "Ümmi" ifadəsinin barədə bir neçə şeyi bilmək lazımdır:
a) "Ümmi" ifadəsinin bir mənası odur ki, həzrət Peyğəmbər kimsədən yazıb-oxumaq öyrənməmişdir. Yəni burada yazıb-oxumağı bilməmək nəzərdə tutulmur 
b) Başqa bir mənası odur ki, həzrət "Ümmül-Qura" sakini olmuşdur. Bu ifadə isə Məkkə üçün işlədilmişdir. Bu barədə İmam Cavaddan da rəvayət nəql olunmuşdur. Rəvayətin müxtəsər məzmunu budur ki, həzrət oxumaq və yazmağı bilirdi. Amma həzrət məkkəli olduğundan və Məkkənin də "Ümmül-Qura" adlandığından həzrət Peyğəmbərə "Ümmi" deyiblər.
İndi belə bir versiya üzərində düşünək ki, lap Peyğəmbər yazmağı bilmirdi. Mümkündür ki, qələm və mürəkkəbi ona görə istəyib ki, katibə sözlərini desin və o, deyilənləri qələmə alsın. Bu da ona uyğundur ki, bir toplumun başçısının əmri ilə görülən iş elə onun özünə nisbət verilir. Məsələn, əgər "Mən sizin üçün filan tövsiyə, yaxud hökmü vermişəm" deyirsə, onun məqsədi bu deyil ki, hökmən bu fərmanı özü öz əli ilə yazmışdır. Əksinə, məqsəd budur ki, yazı onun göstərişi ilə yazılmışdır. Burada nəticənin özünə nisbət verilməsinin heç bir qəbahəti yoxdur.



пятница, 29 июля 2016 г.

"Bismillahir-Rəhmanir-Rəhim" Quran surələrinin bir hissəsi sayılırmı?

"Rəhman, Rəhim Allahın adı ilə!" ifadəsinin Quran surələrinin bir hissəsi sayılıb-sayılmaması barədə müsəlmanlar arasında fərqli fikirlər mövcuddur. İmamiyyənin, şafeilərin, Məkkə və Kufə qarilərinin və fəqihlərinin məzhəb və nəzərinə əsasən, "Bismillahir-Rəhmanir-Rəhim" həm "Fatihə", həm də sair surələrin tərkib hissəsidir. Ancaq Mədinə, Bəsrə, Şam qarilərinin və fəqihlərinin, həmçinin Əbu Hənifə və ardıcıllarının nəzərinə əsasən, istər "Fatihə" surəsində olsun, istərsə də sair surələrdə - Quranın tərkib hissəsi deyil.

суббота, 23 июля 2016 г.

"Şura" surəsi 52-ci ayə haqqında mülahizələr (İkinci hissə)

Görəsən Peyğəmbər hələ peyğəmbər olmamışdan öncə hansı dində olmuşdur? Yaxud Peyğəmbərin bundan öncə Kitab və iman bilməməsi nə deməkdir?
Ayənin ardınca deyilir: "...Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilmirdin (və Quranın möhtəvasından xəbərsiz idin). Lakin Biz onu bir nur etdik ki, onun vasitəsilə bəndələrimizdən istədiyimizi hidayət edərik (ona bu yolla doğru yolu göstərərik) və sən, sözsüz ki, düz yola sarı hidayət edirsən (bu camaatı düzgün yola yönəldirsən)".
Bu, Allahın lütfü idi ki, sənin halına şamil oldu və bu səmavi vəhy sənə nazil oldu. Həmçinin sənin onun bütün möhtəvasına imanın oldu. Sənin bu əzəmətli səmavi kitaba hidayət olmağından əlavə Allahın iradəsi bu olmuşdur ki, digər bəndələr də bu səmavi parlaq nura tərəf hidayət olsunlar, bütün şərq və qərb, hətta bütün dövr və əsrlərdə olanları onun örtüyünün altında qərar versin.

Bir şübhəyə cavab: "Allahın - insan daxilində iki qəlb yaratmaması nə deməkdir?" ("Əhzab", 4)

Qurani-Kərimin "Əhzab" surəsi 3-cü ayəsində belə oxuyuruq: "Allah kimsənin daxilində iki qəlb yaratmamışdır..." Bu ayədə bir neçə mətləblər də vardır ki, fikir yayınmasın və təkcə bir məsələ barəsində yazaq deyə, ayənin bu hissəsinin üstündə müzakirə aparmq istəyirik. Yoxsa ki, bu ayədə "iki qəlb" məsələsindən əlavə bir sıra izaholunası mətləblər vardır. O da qalsın başqa vaxta.

Təfsir alimlərindən bir dəstə, ayənin bu hissəsinin nazil olma səbəbi haqda qeyd ediblər ki, cahiliyyət dönəmində Cəmil ibn Müəmmər adlı bir adam vardı. Onun olduqca güclü hafizəsi vardı. O belə bir iddia edirdi ki, onun daxilində iki qəlb vardır və o, onlardan hər biri ilə Məhəmməd peyğəmbərdən daha üstün dərk edib anlaya bilir. Həm də müşriklər onu "Zül-Qəlbeyn", yəni iki qəlb sahibi adlandırırdılar.

Bədr döyüşü zamanı müşriklər qaçarkən Cəmil ibn Müəmmər də onların arasında idi. Əbu Süfyan onu elə bir halda gördü ki, ayaqqabısının bir tayı ayağında, o biri tayı isə əlində tutulmuş vəziyyətdə idi. Həm də fərarilik edirdi. Əbu Süfyan ona dedi ki, nə xəbərdi? Cəmil dedi ki, qoşun qaçdı. Əbu Süfyan dedi ki, bəs nə üçün ayaqqabının bir tayını əlində tutmusan, o birisi isə ayağındadır? Cəmil dedi: Sözsüz ki, fərqində olmamışam. Elə bilirdim hər ikisi ayağımdadır. Məlum oldu ki, belə bir mənasız iddialarına baxmayaraq, heç bircə qəlb ölçüsündə belə, şüuru işləmir. Əlbəttə, burada qəlb dedikdə ağıl nəzərdə tutulur.

понедельник, 18 июля 2016 г.

Bir şübhəyə cavab: "Şura" surəsi 52-ci ayə haqqında mülahizələr (Birinci hissə)

Ayədə "ruh" dedikdə nə nəzərdə tutulur? Peyğəmbərin daha əvvəl kitab və iman bilməməsi nə deməkdir?


Ayənin tərcümə edək: "(Səndən öncə göndərilən peyğəmbərlərə vəhy etdiyimiz kimi) sənə də öz əmrimizdən beləcə bir ruh vəhy etdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilmirdin (və Quranın möhtəvasından xəbərsiz idin). Lakin Biz onu bir nur etdik ki, onun vasitəsilə bəndələrimizdən istədiyimizi hidayət edərik (ona bu yolla doğru yolu göstərərik) və sən, sözsüz ki, düz yola sarı hidayət edirsən (bu camaatı düzgün yola yönəldirsən)".


Ayədə "kəzalikə" ifadəsi vardır. "Bu cür, beləcə" deməkdir. Bu ifadə ilə vəhyin üç formasına işarə edilməsi mümkündür. Yəni qeyd edilir ki, öncəki ayədə qeyd edilən vəhyin bu formaları Peyğəmbərimiz üçün də gerçəkləşmişdir. Yəni o həzrətə bəzən birbaşa olaraq, yəni vasitəsiz - birbaşa Rəbbin pak zatı ilə rabitə qurmaqla, bəzən vəhy mələyi, bəzən isə səs dalğalarına oxşar səs eşitmək yolu ilə gerçəkləşirdi ki, bu barədə hədislər də mövcuddur. Bu yazımızda biz vəhyin formaları, onların necəliyi və isbatı haqqında yazmayacağıq. Bu məsələ qalsın ayrı vaxta.

пятница, 15 июля 2016 г.

Şübhəyə cavab: Qurana görə Məhəmməd peyğəmbər birinci müsəlmandırmı?

"Ənam" surəsi 163-cü ayədə buyurulur ki: "Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.
Yuxarıdakı ayədə Peyğəmbər müsəlmanların birincisi kimi qeyd olunur. Bu barədə təfsir alimləri arasında fərqli fikirlər vardır. Çünki bilirik ki, əgər "İslam" deyərkən bu kəlmənin geniş mənası nəzərdə tutulsa, bütün səmavi dinlərə şamil olacaqdır. Elə bu səbəbdən "müsəlman" kəlməsi sair peyğəmbərlərə də aid edilmişdir. Məsələn, Nuhun barəsində oxuyuruq:
"Mənə əmr olunub ki, müsəlmanlardan olum" (Yunis, 72). Habelə İbrahim Xəlil, onun övladı İsmail barədə də oxuyuruq: "Rəbbimiz, bizi sənə müsəlman olanlardan et" (Bəqərə, 128). Yusif haqqında da "Məni müsəlman olaraq öldür", - deyə gəlmişdir (Yusuf, 101) Bu ifadə başqa peyğəmbərlər üçün də gəlmişdir.
Əlbəttə, müsəlman Allah əmrinin qarşısında təslim olan kəs anlamındadır. Bu məna bütün ilahi peyğəmbərlər və onların mömin ümmətləri barədə keçərlidir. Bu durumda Peyğəmbərin ilk müsəlman olması ya onun təslim olmasının keyfiyyət və əhəmiyyətinə görədir, - çünki onun təslim dərəcəsi və islamı hamısından daha ali idi; ya da birinci kəs idi ki, Quran ayinini və islamı qəbul etmişdi.

Şübhəyə cavab: Nə üçün Allah Quranda and içmişdir? (Birinci hissə)

Belə iddia edirlər ki, əgər Allah haqlıdırsa nə üçün and içib durur? Niyə dəfələrlə insanları inandırmağa çalışır ki, məsələ dediyi kimidir? Allahın and içməsinə nə ehtiyac var?
İndi isə gəlin qısa bir araşdırma aparaq və görək ki, edilən tənqid haqlıdırmı, ya yox?!
Quranda yüzdən artıq, müxtəlif ifadələrlə and içilmişdir ki, bu andlar qırxdan artıq surədə mövcuddur. Allahın içdiyi andın hikmət və fəlsəfəsinə diqqət etməzdən öncə, müqəddimə olaraq, Allahın and içdiyi yerləri nəzərdən keçirməliyik. Bu yolla da ilahi andların hikmət və fəlsəfəsindən bir sıra işlər bizim üçün aydın olmuş olacaqdır.

четверг, 14 июля 2016 г.

Bir şübhəyə cavab. (Qurana görə Gündüz Günəşi aydın edirmi?)

Quranın dilimizə edilən bir neçə tərcüməsi vardır. Bu tərcümələrdə bəzi ixtilafların və sair çatışmaz nöqtələrin olması müsəlmanların üzərinə bir sıra tənqid yağdırır. Bu tənqidlərdən biri "Şəms" surəsi 3-cü ayə ilə əlaqədardır.
Ayədə deyilir: "And olsun gündüzə - onu aydınlığa çıxartan zaman".
Məfhum tam aydın olsun deyə, kəlmə tərcüməsi etdik. İndi mübahisə "onu" ifadəsində çıxır. Bəziləri Qurana tənqid prizmasından yanaşaraq, həm də buna tərcüməni dəlil gətirərək "onu" ifadəsində günəşin nəzərdə tutulduğunu iddia edib, bunu ciddi elmi xəta kimi qələmə verirlər. Əslində, həqiqətən də, gündüz günəşin sayəsində əmələ gəlir. Günəşi ortaya çıxaran gündüz deyil. Bəs əslində məsələ necədir?
"Cəllə" feili "təcliyətun" məsdərindəndir. Onun mənası ortaya çıxarmaq, aşkar etməkdir. Feilin sonundakı "hə" əvəzliyi isə qadın cinsinə aiddir. İndi bu əvəzliyin nəyə aid olması haqqında alimlər mübahisə ediblər. Məşhur nəzər budur ki, bu "hə" əvəzliyi, yəni "onu" deyərkən yer üzü nəzərdə tutulur. Düzdür, bundan öncə "yer" (Ard) kəlməsi işlənməyibdir. Ancaq kəlamın özündən aydındır ki, gündüzün olması yeri ortaya çıxarır, aşkar edir, qaranlıqdan aydınladır.

воскресенье, 10 июля 2016 г.

"Dəfn gecəsi namazı", onun qılınma qaydası, hökmləri və haqqında bəzi məlumatlar (ARAŞDIRMA)

Dəfn gecəsinin namazı müstəhəb namazlardandır. Bu namaza hədiyyə namazı da deyilir. Xalq arasında isə daha çox vəhşət namazı kimi tanınır. Meyit üçün birinci qəbir gecəsində qılınır. Vaxtı gecənin əvvəlindən sübhə qədərdir. Qılınmasının ən üstün vaxtı isə İşa namazından sonradır.
Bu namazın adları Hədiyyə namazı (Hürr Amili, Vəsailüş-Şiə), Dəfn gecəsi namazı (Seyid Kazim Yəzdi, Urvətul-Vusqa) və Vəhşət namazıdır (Təhrirul-Vəsilə). Bu namaza ona görə vəhşət namazı deyilir ki, təzəcəcə dünyadan köçmüş adam hələ qəbir aləmi ilə tanış və ünsiyyətdə olmadığına görə özlüyünddə qorxu və vəhşət hissi keçirir. Bu namaz ilahi fəzilət sayəsində vəhşəti onun üzərindən götürməyə səbəb olur. Deməli, əslində bu namaz vəhşəti aradan götürəndir, vəhşət namazı deyil.

суббота, 9 июля 2016 г.

“İğal” nə deməkdir?

İğal kəlamı artıq sözlə, faydalı bir nöqtəni özündə ehtiva edən halda tamamlamaqdır.

İtnab (gərək bu istilahın da nə olduğu barədə ayrıca yazı hazırlayım. Qısaca deyim ki, faydanı artırmaq üçün artıq kəlamlardan istifadə etməyə deyilir) növlərindən hesab olunan Quranın bədii üslublarından biri İğaldır. Ona həm də İm`an da deyirlər.

İbn Əbil-Əsbəğ qeyd edir ki, Quran ayələrinin sonu (buna Fəvasilul-Quran deyilir) dörd hissəyə ayrılır: Təmkin, Təsdir, Təvşih və İğal. (Gərək bunların hər biri haqqında ayrıca məlumat yazmaq lazımdır. Qisaca qeyd edək ki, Təmkin – başqasına səlahiyyət və ixtiyar verməkdir; Təsdir – sonuncu ləfzin ayənin əvvəlindəki ləfzlərdən biri ilə uyğun gəlməsidir; Təvşih isə – ayənin sonundakı kəlmənin, yaxud kəlmələrin ayənin əvvəlindəki mənala ilə uyğunluğuna deyilir).

пятница, 8 июля 2016 г.

Quranın "Əraf" surəsində barələrində danışılan "Əraf əshabı" kimdir? (Araşdırma)


Əraf dedikdə nə nəzərdə tutulur?
Ərafın nə olması barədə islam alimləri arasında müxtəlif və fərqli nəzərlər vardır. (Əl-Mizan) Onların əksəriyyəti bu məna üzərində durur ki, o, Cənnətlə Cəhənnəm arasında olan bir divardır. (Şeyx Müfid, Təshihul-Etiqad; Rağib İsfahani, Mufrədat) Həsən Bəsri və Zəccacdan belə nəql olunmuşdur ki, “Əraf” mərifət kökündəndir və tanımaq mənasındadır. Yəni Qiyamətdə bir dəstə adam vardır ki, camaatın vəziyyətindən agahdırlar. Onlar Cənnət və Cəhənnəm əhlini simalarından tanıyırlar. (Fəxr Razi, Təfsirul-Kəbir; Təbəri, Cameul-Bəyan)