Təfsir kitablarında iki rəvayət vardır ki, suala uyğun açıqlanmışdır. Bunu
nəzərə alaraq, əvvəlcə həmin iki rəvayəti və onların mənbələrini qeyd etmək,
daha sonra onların möhtəvasının və sənədinin təhlilini aparmaq lazımdır.
Rəvayətləri bəyan etməzdən öndə bilməyimiz lazımdır ki, Qurani-Kərimdə bir
ayənin açıqlamasına görə, Cəhənnəmdə on doqquz nəfər nəzarətçilik vəzifəsini
daşıyırlar: “Onun üzərində on doqquz (gözətçi) vardır.” (Muddəssir, 30). Bu
rəvayətlər də bir növ Quranın həmin ayəsini nəzərdə tutmuşdur.
Birinci rəvayət: Qurtubi Əhli-Sünnənin h.q. yeddinci əsr
müfəssirlərindəndir. O, belə bir məzmunda rəvayət nəql etmişdir: Abdullah ibn
Məsud deyib: "Kim Allahın onu on doqquz zəbanidən (qoruqçu, nəzarətçi,
əzab verən) xilas etməsini istəyirsə “Bismillahir-rəhmanir-rəhim” oxusun ki,
(bununla) Allah-taala (bu ifadənin) hər bir hərfi qarşılığında (həmin on doqquz
nəfərin) hər birindən bir sipər qərar verər”. (Məhəmməd ibn Əhməd Qurtubi,
“Əl-Came li-Əhkamil-Quran”, c.1, s.92)
Bu hədisi nəql edənlərdən və mütərcimlərdən olan h.q. altıncı əsr
müfəssirlərindən olan Meybudi belə qeyd etmişdir: “Deyiblər, Cəhənnəm
zəbaniləri on doqquzdur – necə ki Aləmlərin Rəbbi deyib: "Onun üzərində on
doqquz (zəbani) vardır" və bu, on doqquz hərfin təsmiyət ayətidir. Hər o
kəs ki, (bunu) ixlasla oxusa, Aləmlərin Rəbbi onun hər hərfi müqabilində
zəbanini ondan saxlayar və ona zəbaninin cəzalandırmağından əmniyyət verər”.
(Rəşidəddin Meybudi, “Kəşful-Əsrar, c.1, s.9)
H.q Altıncı əsr şiə alimlərindən Təbərsi (Fəzl ibn Həsən Təbərsi,
“Məcməul-Bəyan fi Təfsiril-Quran”, c.1, s.90), h.q. səkkizinci əsr Əhli-Sünnət
alimlərindən olan İbn Kəsir (İbn Kəsir Dəməşqi, “Təfsirul-Quranil-Əzim”, c.1,
s.34) kimi təfsir alimləri də bu rəvayəti zikr etmişlər.
İkinci rəvayət: Bu zəmində ikinci bir rəvayət də vardır ki, başqa bir
nöqtəyə işarə edir. H.q. Altıncı əsr müfəssirlərindən İbn Ətiyyə Əndəlusi
(“Əl-Muhərrərul-Vəciz fi Təfsiril-Kitabil-Əziz”, c.1, s.156), h.q. doqquzuncu
əsr müfəssirlərindən Səalibi (Əbdürrəhman ibn Məhəmməd Səailibi, “Əl-Cəvahirul-Hisan
fi Təfsiril-Quran”, c.1, s.156) onu nəql etmiş və aşağıdakı kimi şərh
vermişlər:
“Bəziləri nəql etmişlər, onlara bir rəvayət çatmışdır ki, Allahın -
barələrində “onların üstündə on doqquz (zəbani) vardır” dediyi Cəhənnəm
mələklərinin sayı “Bismillahir-Rəhmanir-Rəhim”in hərfləri üzərində
sıralanmışdır, hər bir hərf müqabilində bir mələk. Onlar hər bir hərəkətlərində
deyərlər: “Bismillahir-Rəhmanir-Rəhim”. Onların qüvvəsi elə oradandır. Onlar
Allahın adı sayəsində məharətli olublar”.
Hər iki rəvayət “Bismillahir-Rəhmanir-Rəhim” ilə Cəhənnəm mələklərinin sayı
arasında bir əlaqə olduğunu açıqlayır. Bircə fərq odur ki, birinci rəvayətdə
“Bismillah”ın hərflərinin bu mələklər qarşısında bir sipər olduğunu, ikincidə
isə mələkləri “Bismillah”a arxayın hesab edir.
İndi bütün bunlarla tanış olduqdan sonra aşağıdakıları gözdən keçirək:
1. Din təlimlərinə, Quran maarifinə diqqət etsək görərik ki, “Rəhman,
Rəhmli Allahın adı ilə” cümləsi kimi gözəl bir ifadə ilə Allahdan yardım ummaq
Cəhənnəm atəşini insandan uzaq edə, hətta ona bir sipər belə, ola bilər. Bunda
heç bir tərəddüd yoxdur. Ona görə də “Bismillah” sayəsində kömək istəmək
müzakirə obyekti deyil, hamılıqla qəbuledilən bir məsələdir.
2. Allah mələkləri də Rəbbin fərmanını icra edənlərdir, onlar Allahdan
yardım və kömək ummadan heç bir işə əl atmazlar. Buna görə də ikinci rəvayətdə
qeyd edildiyi kimi mələklərin Allahın adına arxalanması da mübahisəli məsələ
deyil. Həm də birinci rəvayətlə bir ziddiyyəti yoxdur.
3. Birinci rəvayətdə mövcud olan istinad şiə alimləri tərəfindən qəti
şəkildə qəbul edilmir. İkinci rəvayət də istinadsız olduğu üçün hədis elmi
prinsiplərinə görə qəti şəkildə açıq bildirmək mümkün deyil ki,
“Bismillahir-Rəhmanir-Rəhim” ifadəsində olan on doqquz hərf Cəhənnəm mələklərinin
sayını ifadə edir, yaxud bu ifadənin hər bir hərfi Cəhənnəm mələkləri
qarşısında bir sipərdir. Amma bəzi mətləbləri nəzərə alaraq, ümumi əsasda buna
qarşı çıxmaq və belə bir məzmunu tamamilə rədd etmək də mümkün deyil.
Hər halda, “Bismillahir-Rəhmanir-Rəhim” ifadəsinin mənəvi təsirləri vardır
ki, on doqquz hərfli olmasında bir xüsusiyyət olduğunun sübuta yetdiyini fərz
etsək də, yaxud bunu rədd etsək də mənəvi təsirini inkar edə bilmərik. Həm də
nəzərə almaq lazımdır ki, bir çox rəvayətlərdə hər bir işə başlamamışdan öncə
“Bismillah” demək tövsiyə olunmuşdur.
Müvəffəqiyyət Allahdandır.
Комментариев нет:
Отправить комментарий