"Mələklər də onun ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün Rəbbinin ərşini onların (başı) üstündə səkkiz (nəfər, yaxud dəstə) daşıyacaqdır!
"Ərca" bir şeyin tərəfləri, yönləri mənasındadır. "Mələk" burada təkdə olsa da, məqsəd cəmdir.
Sanki həmin gün mələklər hamılıqla əmrə müntəzir şəkildə bir meydanın ətrafında durmuş və hökmü icra etmək intizarında olacaqlar. Onlar göylərdə cərgə qurmuş və haqqın fərmanının intizarındadırlar.
Sonra buyurur: Həmin gün səkkiz mələk onların üstündə Rəbbinin Ərşini daşıyacaqlar.
Bu ərşi daşıyanlar açıq şəkildə burada bəlirlənməyib ki, mələklərdir, yoxsa başqa biriləridir. Ancaq ifadələrdən belə aydın olur ki, onlar mələklərdir. Lakin aydın deyil ki, onlar səkkiz mələkdir, yoxsa səkkiz kiçik, yaxud böyük dəstədə olan mələklərdir.
Əlbəttə, rəvayətlərdə gəlmişdir ki, ərşi indi dörd nəfər (yaxud dəstə) daşıyır, ancaq Qiyamətdə isə bunun iki bərabəri olacaqdır. Necə ki, həzrət Peyğəmbərdən nəql olunan hədisdə oxuyuruq ki, "onlar bu gün dörddür, Qiyamət günü olduqda isə onları digər dörd ilə qüvvətləndirəcəkdir, beləcə, səkkiz olacaqlar".
Yaxşı, bəs "Ərş" nədir? Bu mələklər kimlərdir? Sözsüz ki, "Ərş" deyərkən bir maddi səltənət taxtı nəzərdə tutulmur. Əksinə, varlıq aləminin məcmuəsidir ki, Allahın hökümət ərşidir. Bu da Allahın əmrini icra edən mələklər vasitəsilə idarə olunur.
Maraqlı budur ki, rəvayətlərdə gəlmişdir, Qiyamətdə Allah Ərşini daşıyan səkkiz nəfərdən dördü əvvəlkilərdən, dördü isə sonunculardandır. Dörd nəfər əvvəlkilər Nuh, İbrahim, Musa və İsadır. Dörd nəfər sonuncular isə Məhəmməd, Əli, Həsən və Hüseyndir.
Bu ifadə, ola bilər ki, onların əvvəl və sonuncular üçün şəfaət məqamına işarədir. Sözsüz ki, şəfaət o kəsə keçərlidir ki, buna layiq görülsün. Hər halda, bu, "Ərşin" geniş məfhumuna işarə edir.
İndi əgər Ərşi daşıyanlar səkkiz dəstə olmuş olsalar, mümkündür ki, mələklərdən ibarət dəstələr və peyğəmbərlərdən, övliyalardan ibarət bir dəstə buna öhdəçilik etsin. Beləliklə, həmin günün nizam tədbirindən bir hissəsini mələklər, bir hissəsini isə peyğəmbərlər öz öhdələrinə götürsünlər. Ancaq onlar hamılıqla Allahın fərmanındadırlar.
Burada "fövqəhum" (üzərilərində) zəmirinin insanlara, yoxsa mələklərə aid olması barədə müxtəlif ehtimallar vardır. Bundan öncə söz mələklərdən düşdüyünə görə zahir budur ki, zəmir onlara qayıdır. Bu ardıcıllıqla mələklər cahanın ətrafına cəm olacaqlar. Onların üzərilərində (məqam baxımınan ucalıq) səkkiz mələk Allahın ərşini daşıyacaqlar.
Belə bir ehtimal da vardır ki, Allah Ərşini daşıyanlar mələklərdən ali və uca olan fərdlərdir. Bu halda Allahın ərşinin peyğəmbər və övliyalardan səkkiz nəfərin daşıması ilə bağlı sabiq hədisi tətbiq etmək olar.
Heç şübhəsiz, Qiyamətlə bağlı hadisələr, həmin gün ərşi daşıyanlarla əlaqədar məsələlər daxil olmaqla, bu məhdud və qaranlıq cahanda sakin olan bizlər üçün elə də dəqiq şəkildə aydın deyil. Deyilənlər sadəcə ilahi ayələrdən görülən bir siluetdir. Yoxsa ki həqiqətdə onları gedib tamaşa etmək lazımdır.
Buna da diqqət etmək lazımdır ki, sur çalındıqda əvvəlcə göylərdə və yerdə olan hər kəs öləcəkdir. Buna görə də bu bəhsdə ərşi daşıyanlar ikinci surla əlaqədardır ki, onda hamı diri olacaqdır. Hərçənd ayədə sur çalınmasından söz açılmayıbdır.
Hazırladı: F.A.
"Nümunə" təfsirindən istifadə olunub.
Комментариев нет:
Отправить комментарий