Tarix boyu yaşamış peyğəmbərlərlə müqayisədə imamların şənlərilə əlaqədar şiələrin inancları nədir?
Quran belə deyir: (Məna tərcüməsi) “Bir zaman Allah İbrahimi cürbəcür vasitələrlə imtahan etdi və o, bu sınaqların öhdəsindən yaxşıca gəldi. Allah ona dedi: “Mən səni camaata imam (və başçı) qərar verdim”. İbrahim dedi: “Nəslimdən də?” Allah buyurdu: “Mənim əhd-peymanım zülmkarlara çatmaz! (Övladlarından yalnız pak və məsum olanlar bu məqama layiqdirlər)”. (“Bəqərə”, 124)
Qeyd olunan ayədən bir neçə mətləb əldə etmək olar:
1. İmamət məqamına yetişmək üçün zati istedad, saflıq və batini nuranilik lazımdır. Hər kəs belə bir fəxrolunası məqama yiyələnə bilməz. Elə buna görə də, həzrət İbrahim batini gözlə səma və yer mələkutunu müşahidə etdikdə və yəqin mərtəbəsinə çatdıqda (“Ənam” surəsi, 75-ci ayə), Nəmrudun tonqalına atılmaq, İsmaili qurban etmək və s. kimi sınaq və imtahanlardan keçməklə qabiliyyət və istedadı sübuta yetdi. Bütün bunlardan sonra Allah tərəfindən ona vəhy olundu ki, səni imamət məqamına ucaltdım.
2. Ayədən belə nəticə əldə etmək olur ki, həzrət İbrahimin imaməti onun nübüvvətindən başqa və daha ali bir şey olmuşdur. Çünki bu xitab və onun imamət məqamına ucalması ömrünün son vaxtlarında baş vermişdir. Heç şübhə yoxdur ki, bu əsnada İbrahim artıq peyğəmbər idi. O, peyğəmbər olmasına baxmayaraq, ağır və çətin imtahanlara tuş gəldi və məhz bundan sonra ona imamət məqamının məsuliyyəti verildi. Deməli, məlum olur ki, onun imamlığı peyğəmbərlik məqamından daha uca olmuşdur.
3. Buradan başa düşürük ki, bəzən nübüvvət və imamət bir nəfərdə cəm olur. Necə ki, İbrahimdə (ə) cəm olmuşdu.
4. Ayədən məlum olur ki, imamətin şərtlərindən biri budur ki, günah və itaətsizlikdən məsum və amanda olmalıdır. Çünki ayə buna dəlalət edir ki, kimsə zülmə aludə olmuş olsa, imamət məqamına ləyaqəti çatmır. Heç şübhəsiz, hər kəs günaha mürtəkib olsa, özünə zülm etmiş sayılır və zülmkarlardan hesab olunur.
5. İmamət ilahi bir əhd və peymandır ki, təkcə Allah tərəfindən qərar verilməklə, seçilməklə və təyin olmaqla bərqərar olur. Habelə belə bir şey camaatın öhdəçilik və ixtiyarına verilməmişdir.
Yeri gəlmişkən, demək lazımdır ki, imamət bəzi nübüvvət dərəcələrindən daha üstündür. Əksər peyğəmbərlər, ümumiyyətlə imam olmamışdır. Ulul-əzm (şəriət sahibi olan peyğəmbərlər) işin axırında imamətə çatmışlar.
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий