вторник, 17 мая 2016 г.

Quranda camaatın yox olması və həlakətə düçar olması hansı səbəblərə görə olmuşdur?

Qurani-Kərimdə açıqlanmış ilahi sünnələrdən biri cəmiyyətlərin və millətlərin ölüm və həyat sünnəsidir (adətidir). Din təlimlərində bildirilənlərə əsasən cəmiyyətlərin də adamlar kimi həyat və ölümü vardır. Bu ölüm və həyatın Quranın nəzərinə görə müxtəlif amillərlə bağlılığı vardır. 
Qurani-Kərim millətlərin yoxa çıxmasını Nuhun qövmündən başladığını bəyan etmişdir: “Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir”. (“İsra” surəsi, 17-ci ayə) Bu qısa cavabda Quranda işarə olunan bəşəri millətlərin və sivilizasiyaların həlak olmasının ən əsas amillərindən bəzilərini qeyd edirik: 
1. İlahi ayələri təkzib etmək: Quranın nəzərində cəmiyyətlərin məhv olma amillərindən biridi: “Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları (əzab) bürüdü”. (“Əhqaf” surəsi, 26-cı ayə) 
2. Zülm və sitəm: “Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanma­­dıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq”. (“Yunis” surəsi, 13-cü ayə) 
3. Rəhbərlərin və cah-cəlal içində yaşayanları fəsad törətməsi: “Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha itaət etməyi) əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik. (“İsra” surəsi, 16-cı ayə) 
4. Cinayət və günah işlətmək: “Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə (göydən) bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq”. (“Ənam” surəsi, 6-cı ayə) 
5. Təkəbbür etmək və özünü böyük göstərmək: “Ad (xalqına) gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?”– dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər. Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz”. (“Fussilət” surəsi, 15-16-cı ayələr) 
6. Həddi aşmaq, israfçılıq etmək: “Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq”. (“Ənbiya” surəsi, 9-cu ayə) 
7. Qürrələnmək və məstlik: “Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq”. (“Qasas” surəsi, 58-ci ayə) 

Hazırladı: F.A.

Комментариев нет:

Отправить комментарий