Züs-Südəyyənin
bizim dildə olan mənası pis çıxır deyə, qeyd etmirəm. Bilənlər bilir,
bilməyənlər soruşar. Deməli, Züs-Südəyyə ləqəbli Hurqus ibn Züheyr Əsədi
Hururiyyə başçılarından biri olmuşdur. Hururiyyə nədir? Hurura Kufəyə yaxın bir
yer adıdır. Birinci xəvaric dəstəsinin toplaşdığı yer olduğuna görə hururiyyə
adlanıblar. Bəziləri isə xəvaricdən olan bir dəstəni hururiyyə adlandırırlar.
Bu adam İmam Əliyə qarşı çıxmış və Nəhrəvan döyüşündə öldürülmüşdür.
Qısaca bir
məsələyə baxaq:
Bu adamın
keçmişi barədə belə deyirlər ki, Huneyn müharibəsində müsəlmanlar qələbə
qazandıqdan sonra çoxlu qənimət əldə etdilər. Qeyd edək ki, bu döyüş hicrətin
8-ci ilində Taifdə baş vermişdir. Peyğəmbər qənimətləri müsəlmanlar arasında
bölüşdürərkən adı çəkilən adam həzrətin yanına gələrk ondan bu malları ədalətlə
bölməsini tələb etdi. Peyğəmbər ona etiraz edib dedi ki, vay sənə, mən ədalətə
riayət etməsəm, bəs kim edəcək? Bu zaman Ömər ibn Xəttab onu öldürmək istədi.
Ancaq Peyğəmbər mane olub dedi ki, onu öz halına buraxın. Onun elə səhabələri
vardır ki, oruc-namazlarını görsəniz özünüzünküləri kiçik sayarsız. Peyğəmbər
həmçinin qeyd etdi ki, bu şəxslər həmişə Quran oxumaqlarına baxmayaraq, Quran
onların boğazlarından keçməz. Onlar ox yaydan çıxan kimi İslamdan çıxacaqlar.






