понедельник, 20 июня 2016 г.

İmam Həsən (5) İmam Həsənə nisbət verilən çoxarvadlılıq xüsusiyyəti

İmam Həsən çoxlu qadınlarla evlənmiş və onları boşamışdırnı? 
İslamın hədis mənbələrində rast gəlinən təəssüfedici böyük bəlalardan biri qərəzli və natəmiz adamlar vasitəçiliyilə səhih hədislər arasına qondarma və yalan hədislər salmaq olmuşdur. 
Bildiyimiz kimi, İmam Həsən Müctəba ikinci məsum imam olmuşdur. O elə bir şəxsiyyətlərdəndir ki, çox təəssüf, hədis qondaran və yalançı adamlar hədis və rəvayət formasında o həzrətə xoşagəlməz xüsusiyyətlər nisbət vermişlər. 

İmam Həsən (4) İmam Həsənin övladları

İmam Həsənin övladlarından Həsən Müsənna, Zeyd, Əmr və Hüseyn Əsrəm adlı dörd övladı oğul-uşaq sahibi oldular. Hüseyn Əsrəm və Əmrin nəsli tezliklə aradan getdi. Təkcə Həsən Müsənna və Zeyd ibn Həsən qaldı. 
İmam Həsənin övladları həsəni seyidlər adlandılar. Bu xanədan tarix boyunca bir çox ictimai və siyasi hərəkatlara malik olmuşdur. Onlar iki və üçüncü yüz illikdə qiyamlar qaldırdı, müxtəlif yerlərdə islam höküməti qurdular. Belə ki, həmin hökümətlərdən bəziləri indiki zamana qədər qalmaqdadır. Seyidlərdən olan bu silsilə bəzi məntəqələrdə şəriflər kimi məşhurdurlar. 
Təbətəbai, Müdərris, Həkim və sair ailələr həsəni seyidləri qolundandırlar.

İmam Həsən (3) İmam Həsən digər xəlifələrin qoşununda olubmu?

Ərəblər İrana həmlə etdiyi zaman İmam Həsən və İmam Hüseyn həmin orduda iştirak edibmi? Bu suala qısa cavab vermək üçün belə bir analiz aparaq: heç bir şiə mənbələrində İran, Şam və Afrikanın fəthi zamanı Həsəneynin iştirak etməsi barədə söz açılmayıb. 
Ancaq bəzi əhli-sünnə mənbələrində İmam Həsən və İmam Hüseynin (İmam Əlinin xəlifəlik dövründə yox) xəlifələr zamanı fəthlərdə iştirak etməsi barədə xəbərlər mövcuddur. Biz həmin bildirişlərə göz atmaq və onları tənqid etmək istəsək, görərik ki, bu bildirişlərdən bir hissəsinin sənədi yoxdur. İş orasındadır ki, bəzi tarixçilərin tarixi faktor kimi təqdim etdikləri xəbərlərin sənədi də mötəbər deyil. Yəni bu xəbəri nəql edənin kimliyi, ya yalançı və sözquraşdıran kimi tanıtdırılmışdır, ya da həmin şəxs tərcümeyi-hal kitablarında tanınmayan və məchul şəxs kimi xarakterizə olunmuşdur. Bir dəstə tarixi sənədlərdə isə İmam Həsən və İmam Hüseynin təkcə İranda olduqlarına dair məlumat verilmiş, ancaq onların oraya hansı səbəblə getmələri, yaxud müharibə etmək səbəbilə iştirak etmələrinə dair heç bir fikir, ya işarə sərgilənməmişdir. 

İmam Həsən (2) Peyğəmbər İmam Həsən barədə nə buyurub?

İslam mənbələrində İmam Həsən Müctəbanın Peyğəmbərin yanında olan dərəcə və məqamına dair bir çox hədislər mövcuddur. 
Hədsilərin birində deyilir ki, Peyğəmbər Həsən və Hüseyni dizləri üstündə otuzdurduğu halda belə buyurmuşdu: "Bunlar mənim və qızımln oğlanlarıdır. Mən onları sevirəm. İlahi, sən də onları və onları sevən kəsləri sev". ("Tarixul-xüləfa", Məkkətül-Məkərrəmə, s.307) 
Başqa bir hədisdə qeyd edilir ki, Peyğəmbər İmam Həsən və İmam Hüseynin barəsində belə buyurmuşdur: "Həsən və Hüseyn (yaxud bu iki oğlum) imamdırlar. İstər qiyam etsinlər, istərsə də sülh". ("əl-İrşad", c.2, s.27) 
Yaxud başqa bir yerdə belə nəql edilmişdir: "Əgər ağıl bir adamda təcəssüm etsə (yaxud bir adam şəklinə düşsə), sözsüz ki, Həsən olar". ("Fəraidüs-simteyn", c.2, s.68)

İmam Həsən (1) Qısa tərcümeyi-hal

Adı: Həsən 
Məşhur ləqəbi: Müctəba. 
Künyəsi: Əbu Məhəmməd. 
Atası: İmam Əli ibn Əbutalib. 
Anası: Xanım Fatimə bint Məhəmməd. 
Doğulduğu yer: Mədinə şəhəri 
Doğulduğu tarix: Hicrətin üçüncü ili, Ramazan ayının 15-i. 
Vəfat etdiyi yer: Mədinə şəhəri 
Vəfat tarixi: Hicrətin 50-ci ili, səfər ayının 28-i. 
Ölüm səbəbi: Zəhərlə sui-qəsd nəticəsində şəhid olmuşdur. 
Dəfn olunduğu yer: Mədinə şəhəri, Bəqi qəbiristanlığı. 
Qatili: Əşəs ibn Qeysin qızı, öz həyat yoldaşı Cödə (ya Cədə) 
İmamlıq müddəti: Doqquz il altı ay. 
Yaşayış müddəti: 47 il, doqquz ay, yeddi gün. Yaşayış dövrü üç hissəyə bölünür: Peyğəmbərin dövründə, səkkiz il civarında; 37 il civarında atasının dövründə və on ilə yaxın imamlıq dövrü.

четверг, 16 июня 2016 г.

Orucun hökmləri (7)

Ramazan ayında cənabətin hökmləri 
a) Cənabətli kəs ramazan orucu kimi vaxtı müəyyən olan vacib oruc tutmaq istədikdə qəsdən qüsul almadığı halda vaxt daralarsa, təyəmmüm alaraq oruc tutsa, orucu düzgündür. 
b) Ramazan gecəsində cünub olan kəs yatdığı halda sübhə oyana bilməyəcəyini bilərsə, yatmamalıdır. Əgər yatarsa və sübhə qədər oyana bilməzsə, orucu batildir. Qəza ilə yanaşı kəffarə də boynuna gələr. 
c) Əgər ramazan gecəsi cünub olan kəs yatsa, sonra ayılsa və ehtimal versə ki, bir də yatsa ayıla biləcək, yata bilər. 
d) Əgər oruc tutan kəsin boynuna gündüz vaxtı qüsul gəlsə, dərhal qüsul alması vacib deyil. 
e) Ramazan orucunun qəzasını tutmaq istəyən kəs sübh azanına qədər cənabətli qaldığı təqdirdə, qəsdən olmasa belə, orucu batildir. 

среда, 15 июня 2016 г.

Orucun hökmləri (6)

Əgər oruc tutan bir nəfər qüsul almaq niyyətilə başını tamamilə suya salarsa: 
a) Oruc olduğunu unudarsa və qüsul niyyətilə başını suya salarsa, onun orucu və qüslu düzgündür. 
b) Oruc olduğunu bilərsə və qəsdən qüsul almaq üçün başını suya batırarsa, belə ki, orucu ramazan ayının vacib orucu kimi müəyyən olarsa, vacib ehtiyata əsasən ikinci dəfə qüsul almalı və orucunu da qəza etməlidir. Ancaq müstəhəb, yaxud müəyyən vaxtı olmayan kəffarə kimi vacib oruc olsa, qüsulu düzgün,orucu isə batil olur. 

Əgər bir dəfə başının bir tərəfini, o biri dəfə digər tərəfini suya salsa, orucu batil olmur. 

Ustad Mişkinidən ramazan ayı ilə əlaqədar əxlaqi tövsiyələr

Ustad belə buyurmuşdur: Ramazan olduğu üçün sizə bir neçə tövsiyəm var. 
Birincisi budur, bu ayda ən uca ibadət nədir? Çalışın, bu ay günah etməyəsiz və sizdən günah sadir olmasın. Bir sıra rəvayətlərə görə bu, ibadətlərin ən üstünüdür. Əlbəttə, başqa əməllər də icra edə bilsəniz, edin. 
İkincisi budur ki, Quranla daha çox ünsiyyət qurun. Quran barədə diqqətli olun. Quranın tərcümə və təfsirindən istifadə edin. Quran oxumağı bacarmadığınız təqdirdə oxunulana (Quran qiraətinə) qulaq asın. Bu cür adamlar üçün qulaq asmaq Quran oxumaq kimidir.
Üçüncüsü, duadan qafil olmayın. Əgər savadınız varsa, məsumun duasını oxuyun. Məsumun duası o deməkdir ki, məsum dilindən çıxmışdır, hansı ki, orada heç bir xəta, səhv, fəsahət və bəlağətin ziddinə olan bir şey yoxdur. Əgər savadınız yoxdursa, hər nə istəsəniz, özünüz Allahdan istəyin. Allahın istəməkdən (ona dua etməkdən) xoşu gəlir. 
Dördüncüsü, bacardığınız qədər bu ayda mal köməkliyi edin. Nə qədər yaxşı olar ki, hər bir şəhərin imkanlı adamları bir qərargah təşkil etsinlər və (yaşayışı) aşağı dərəcəli olan ehtiyaclılar barədə məlumat əldə etsinlər və onlara köməklik göstərsinlər. Xüsusilə də gənclərin evlənməsi, habelə qız köçürərkən onların cehizlərinə ki, inşallah, bu onların aqibəti üçün yaxşıdır.

Quranla ünsiyyət - 5: Quranın əzəməti

Quranın əzəməti 
"Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr". ("Həşr" surəsi, 21-ci ayə) 
Bildirişlər: 
1. Tərbiyə metodlarından biri də birbaşa olmadan qınamaqdır. "Əgər Biz bu Quranı nazil etsəydik... Biz bu misalları çəkirik ki.." 
2. Quran elə bir Kitabdır ki, çatışmazlığı yoxdur. Əksinə, insanın lazım olan qabiliyyəti yoxdur: 
3. Mənəvi həqiqətləri açıqlayarkən misal çəkmədən istifadə etmək Quran metodudur. 
4. Necə olur ki, dağ o qədər möhkəmliyi ilə Quranın əzəməti qarşısında boyun əyir, ancaq bəzi insanların qəlbləri daşdan belə bərkdir?! 

Cövşən əl-Kəbir duası səhihdirmi?!

Rəvayətə görə, Peyğəmbər (s) döyüş zamanı öz zirehinin ağırlığından əziyyət çəkdiyi üçün Həzrət Cəbrayıl (ə) nazil olaraq O Həzrətə (s) Allahın adları keçən (Əsma əl-Hüsna) uzun bir duanı öyrətdi və dedi ki, döyüşə gedərkən zireh (cövşən) geyinmək əvəzinə bu duanı oxu. Bundan əlavə bu dua üçün digər çoxlu bərəkət və faydalar da qeyd edilmişdir. 

Yeri gəlmişkən bunu da qeyd edim ki, keçmişdə mollaların insanlara "gülləbatmaz duası" adı ilə sırıdıqları dua məhz bu dua, yəni "Cövşən Kəbir" (Allahın 1001 adı) olmuşdur. 
"Cövşən" duası "Səğir" və "Kəbir" adı ilə dua kitablarında keçmişdir ki, "Səğir"in ilk mənbəsi Seyyid Tavusun (vf. 664 hq) və "Kəbir"in ilk mənbəsi Kəf`əminin (vf. 905 hq) dua kitablarıdır. 

вторник, 14 июня 2016 г.

Çirkli möhürün hökmü nədir?

Sual: Möhürün üzərində olan çirk namaz qılmaq üçün maneədirmi?
Cavab: Əgər möhür üzərində çirk alınla onun arasında mane olacaq həddə olsa - namaz batildir.

Quranla ünsiyyət (4)

Quran inkişaf və oyadış kitabıdır 
“Biz sizə içində zikriniz olan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya, 10) 
İzah və açıqlamalar 
- “Zikriniz” – ya xatırlatma vasitəsi mənasındadır, ya da “izzətinizin və adınızın mənbəsidir” mənasındadır. Şərafət və şöhrət mənasında da gəlmişdir. İmam Kazim (əleyhissəlam) bu ayənin barəsində buyurmuşdur ki, “Orada zikriniz vardır” – cümləsindən məqsəd odur ki, kitabda zikr olunmuşdur ki, Peyğəmbərdən sonra itaət imamadır. Yəni sizin izzət və şərəfiniz Peyğəmbərdən sonra imama itaət etməkdədir. 

понедельник, 13 июня 2016 г.

Orucun hökmləri (5)

Əgər insan doğru və yalan olduğunu bilmədiyi bir xəbəri danışmaq və bununla yanaşı həm də orucunun batil olmamasını istəsə, aşağıdakı yollardan birinə əməl etməlidir:
a. Vacib ehtiyata əsasən, həmin xəbəri eşitdiyi kəsdən nəql etsin:
b. Vacib ehtiyata əsasən, həmin xəbər yazılan kitabdan nəql etsin;
c. Əgər özü də xəbər versə, orucu batil olmur.

5. Qatı tozu boğaza çatdırmaq
Qatı tozu boğaza çatdırmağın hökmləri
a. Qatı tozu boğaza çatdırmaq orucu batil edir. İstər həmin toz un kimi yeyilməsi halal olan şeyin tozu olsun, istərsə də yeyilməsi haram olan bir şeyin tozu olsun.
b. Oruc tutan kəs ağızda su halını alan qatı buxarı, habelə vacib ehtiyata əsasən, siqaret, tənbəki tüstüsü və bunun kimi şeyləri boğazına çatdırmasın.
c. Əgər oruc olduğunu unudarsa, diqqət etmədən, yaxud ixtiyarsız olaraq toz və onun kimi şeylər boğazına çatarsa, orucu batil olmur. Mümkün olduğu qədər onu (boğazına getdiyini) çıxarmalıdır.

воскресенье, 12 июня 2016 г.

Özgənin wi-fi sistemindən istifadə etmək olarmı?

Sual: Evimizdə "vay-fay" anteninin əlaməti görsənir ki, şifrə qoyulmamışdır. Həmin internetdən istifadə etmək olarmı? 
Cavab: Seyid Əli Xamenei: İstifadə etmək üçün icazə lazımdır. İcazəsiz istifadə etmək caiz deyil və haramdır. Seyid Əli Sistani: Əgər narazılıq əlaməti olmasa, bir maneəsi yoxdur.

Orucun hökmləri (4)

2. Cima (cinsi yaxınlıq) Cima orucu batil edir. 
3. İstimna (onanizm) 
Əgər oruc tutan kəs istimna etsə, yəni ondan məni gələcəyi bir iş görsə, orucu batildir. 

Məninin hökmləri 
a. Əgər ixtiyarsız şəkildə məni çıxarsa, orucu batil deyil. 
b. Əgər bir iş görə və bunun nəticəsində ixtiyarsız şəkildə ondan məni gələ, orucu batil olur. 
c. Əgər fikrində məni gəlməsini tutub, bir iş görsə, lakin ondan məni gəlməsə, orucu batil deyil. 
d. Oruc tutan kəs gündüz yatacağı təqdirdə möhtəlim olacağını (boynuna qüsul gələcəyini, ondan məni gələcəyini) bilsə, gündüz yata bilər. Lap əgər yatsa və möhtəlim olsa belə, orucu düzgündür. Əgər oruc tutan kəs məni gələn halda yuxudan ayılsa, bunun qarşısını almaq ona vacib deyil. 

Quranla ünsiyyət (3)

"Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. ("Ənam", 160)
İzah və açıqlamalar
- Çox vaxt insan yaxşı iş görür, ancaq onun nəticələrindən xəbərsiz olur. Bir halda ki yaxşı və xeyir işin yalnız bir savabı deyil, bir neçə qat mükafatı vardır. Bu ayə Allahın bir minnətidir ki, bəndələrin üzərinə qoymuşdur. Bəzi müfəssirlər deyiblər ki, "həsənə"dən məqsəd ixlas kəlməsidir, "la ilahə iləllah" deməkdir. İmam Məhəmməd Baqir rəvayət etmişdir ki, bir mömin (müstəhəb) oruc niyyətilə mömin qardaşının yanına gəlsə, həmin mömin qardaş ona orucunu açmasını təklif etsə, o da bu təkliflə orucunu açsa və mömin qardaşının qəlbinə sevinc salsa, Allah-taala həmin günü ona on oruc günü kimi hesablayacaqdır.
- Bir çox rəvayətlərə əsasən, kim ayda üç gün oruc tutsa, sanki bütün ayı oruc tutmuş kimidir. Çünki hər gün on gün hesab edilir. "On qat əvəzi "

суббота, 11 июня 2016 г.

Orucun hökmləri (3)

Yemək və içmək
1. Yemək-içmək:
a) Qəsdən – Əgər oruc tutan qəsdən bir şey yesə, yaxud içsə, orucu batildir: onun yeyib-içdiyi şey istər çörək və su kimi işlənən olsun, istərsə də torpaq və ağac şirəsi kimi işlənməyən olsun; istər az olsun, istər çox olsun; hətta misvakı (diş fırçası üçün istifadə edilən çubuq) ağızdan çıxarıb ikinci dəfə ağıza aparsa və rütubətini udsa, orucu batildir. Bir halda ki, misvakın rütubəti ağız suyunda elə şəkildə aradan getsin ki, ona çıxan rütubət deyilməsin.
b) Səhvən – Əgər oruc tutan səhvən bir şey yesə, yaxud içsə, orucu batil olmur.

Yemək və içmək hökmündə olan və orucu batil edən şeylər
1. Dişlərin arasında qalan şeyi qəsdən udmaq;
2. Ağız boşluğuna daxil olduğu halda baş və sinənin qarışığını (bəlğəmi) udmaq (vacib ehtiyata əsasən);.
3. Qida əvəzi istifadə olunan ampuldan istifadə etmək (vacib ehtiyata əsasən).
(Qeyd: Seyid Sistani qeyd edir ki, ampul (iynə) və sirom (sistem) orucu batil etmir. Həmçinin astma üçün spreydən istifadə etmək, yəni dərmanı təkcə ağ ciyərə sirayət etdirsə, orucu batil olmaz. Gözə, qulağa dərman tökmək, dadı boğaza çatsa belə, orucu batil etmir. Buruna tökülən dərman boğaza çatmasa, o da orucu batil etməz).

пятница, 10 июня 2016 г.

Orucun hökmləri (2)

Niyyət
Niyyətin vaxtı
1. İnsan Ramazan ayının hər axşamı sabahkı gün üçün niyyət edə bilər. Daha üstün budur ki, ayın birinci günü də həmçinin bütün ayın orucunun niyyətini etsin. 
2. Ramazan ayının birinci günündən sübh azanınadək hər vaxt sabahkı günün orucunun niyyətini etməsinin maneəsi yoxdur.

Bir nəfər sübh azanından öncə oruc niyyəti etmədən yatsa:
a) Zöhrdən öncə oyansa və niyyət etsə, orucu istər vacib olsun, istər müstəhəb düzgündür. 
b) Zöhrdən sonra oyansa vacib oruc niyyəti edə bilməz.

Ramazan ayında Allah qonaqlığına gedək!

"Ramazan ayıdır (o ay) ki, Quran onda nazil edilmişdir. (Elə bir kitab ki,) insanlara doğru yol göstən, hidayətin aşkar dəlilləri və (haqqı batildən) ayırandır. Elə isə ona şahid olan onu (həmin ayı) oruc tutmalıdır". (Bəqərə, 185)
İzah və bildirişlər
Əllamə Təbətəbai "əl-Mizan" təfsirində deyir: "Ramazan ayıdır ki, doğru yol göstərəndir". Ramazan ayı qəməri və ərəb ilinin aylarından doqquzuncusudur ki, şəban və şəvval arasında olur. Ramazan orucunun vacibliyi ilə Quranın bu ayda nazil olması arasında əlaqə və bağlılıq vardır.
"Ramazan" "رمض" maddəsindəndir və yandırmaq mənasındadır. Ramazan ayında insanın günahları yandırılmış olur.

Orucun hökmləri (1)

Oruc nədir?
Oruc bir nəfərin Allah-taalanın göstərişini yerinə yetirmək üçün sübh azanından məğribə qədər orucu batil edən şeylərdən özünü saxlamasıdır.

Niyyət
Niyyətin hökmləri
1. İnsanın orucun niyyətini qəlbindən keçirməsi, yaxud "sabah oruc tutacağam" deməsi lazım deyil. Əksinə, Allah-taalanın əmrini yerinə yetirmək üçün sübh azanından məğribədək olan zaman ərzində orucu batil edən şeylərdən çəkinməsi kifayət edir. Bu müddət ərzində oruc olduğuna yəqin etməsi üçün sübh azanından bir miqdar öncə və şam azanından bir miqdar sonra orucu batil edən şeyləri görməkdən özünü qorumalıdır.

“Kafirun” surəsi, oxunuşu və qısa izahı

Bu surə Quranın 109-cu surəsidir. Məkkədə nazil olmuşdur. Altı ayə, 27 kəlmə və 95 hərfdən ibarətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-rahmə̃nir-rahἶm
Rəhman, Rəhim Allahın adı ilə
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ
Qul yə̃ əyyuhəl-kə̃firũn (1)
De: “Ey kafirlər!”

İzah: Lüğətdə küfr bir şeyi örtməkdir. Gecə də kafir adı ilə vəsf olunmuşdur. Çünki şəxsləri örtür. Əkinçiyə də kafir deyilmişdir. Çünki toxumu yerin altında gizlədir. Buradan belə nəticə əldə etmək olar ki, kafir bilərəkdən həqiqəti danan, onu ört-bastır etməyə çalışan kəsdir.