Züs-Südəyyənin
bizim dildə olan mənası pis çıxır deyə, qeyd etmirəm. Bilənlər bilir,
bilməyənlər soruşar. Deməli, Züs-Südəyyə ləqəbli Hurqus ibn Züheyr Əsədi
Hururiyyə başçılarından biri olmuşdur. Hururiyyə nədir? Hurura Kufəyə yaxın bir
yer adıdır. Birinci xəvaric dəstəsinin toplaşdığı yer olduğuna görə hururiyyə
adlanıblar. Bəziləri isə xəvaricdən olan bir dəstəni hururiyyə adlandırırlar.
Bu adam İmam Əliyə qarşı çıxmış və Nəhrəvan döyüşündə öldürülmüşdür.
Qısaca bir
məsələyə baxaq:
Bu adamın
keçmişi barədə belə deyirlər ki, Huneyn müharibəsində müsəlmanlar qələbə
qazandıqdan sonra çoxlu qənimət əldə etdilər. Qeyd edək ki, bu döyüş hicrətin
8-ci ilində Taifdə baş vermişdir. Peyğəmbər qənimətləri müsəlmanlar arasında
bölüşdürərkən adı çəkilən adam həzrətin yanına gələrk ondan bu malları ədalətlə
bölməsini tələb etdi. Peyğəmbər ona etiraz edib dedi ki, vay sənə, mən ədalətə
riayət etməsəm, bəs kim edəcək? Bu zaman Ömər ibn Xəttab onu öldürmək istədi.
Ancaq Peyğəmbər mane olub dedi ki, onu öz halına buraxın. Onun elə səhabələri
vardır ki, oruc-namazlarını görsəniz özünüzünküləri kiçik sayarsız. Peyğəmbər
həmçinin qeyd etdi ki, bu şəxslər həmişə Quran oxumaqlarına baxmayaraq, Quran
onların boğazlarından keçməz. Onlar ox yaydan çıxan kimi İslamdan çıxacaqlar.
Qeyd
etdiyimiz kimi bu şəxs İmam Əlinin xilafət dövründə Nəhrəvanda öldürülüb. Hətta
belə qeyd edilmişdir ki, döyüş zamanı bu şəxs İmam Əlidən qorxaraq qaçmış və
çalaya düşərək ölmüşdü. Bu döyüşdə onların çox az qismi istisna olmaqla,
olduqca böyük hissəsi darmadağın edilmişdi. Döyüş bitdikdən sonra İmam Əli
səhabələrinə onun ölüsünü tapmaq əmrini verdi. Lakin onlar bu şəxsin meyitini
tapa bilmədilər. İmam Əli özü meyitlər yığılan yerə gəldi. Onların cəsədləri
bir yerə yığılmışdı. İmam cəsədləri axtararaq onun cəsədini tapdı. Həzrət
bildirdi ki, bu xəbəri ona əvvəlcədən Peyğəmbər vermişdi və buna görə şükür
səcdəsi etdi. Sonra atına minərək meyitlərin arasından keçərkən dedi ki, sizi
məğrur edən beləcə həlakət torpağına atdı. İmamdan soruşdular ki, onları məğrur
edən nə idi? İmam buyurdu ki, Şeytan və pis həvəslər.
F.A.
Комментариев нет:
Отправить комментарий