суббота, 23 июля 2016 г.

"Şura" surəsi 52-ci ayə haqqında mülahizələr (İkinci hissə)

Görəsən Peyğəmbər hələ peyğəmbər olmamışdan öncə hansı dində olmuşdur? Yaxud Peyğəmbərin bundan öncə Kitab və iman bilməməsi nə deməkdir?
Ayənin ardınca deyilir: "...Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilmirdin (və Quranın möhtəvasından xəbərsiz idin). Lakin Biz onu bir nur etdik ki, onun vasitəsilə bəndələrimizdən istədiyimizi hidayət edərik (ona bu yolla doğru yolu göstərərik) və sən, sözsüz ki, düz yola sarı hidayət edirsən (bu camaatı düzgün yola yönəldirsən)".
Bu, Allahın lütfü idi ki, sənin halına şamil oldu və bu səmavi vəhy sənə nazil oldu. Həmçinin sənin onun bütün möhtəvasına imanın oldu. Sənin bu əzəmətli səmavi kitaba hidayət olmağından əlavə Allahın iradəsi bu olmuşdur ki, digər bəndələr də bu səmavi parlaq nura tərəf hidayət olsunlar, bütün şərq və qərb, hətta bütün dövr və əsrlərdə olanları onun örtüyünün altında qərar versin.

Bəzi səhv düşüncəli adamlar belə güman edir ki, bu ifadə Peyğəmbərin nübüvvətdən öncə Allaha imanı olmadığını göstərir. Bir halda ki, ayənin mənası açıq-aydındır. Ayə deyir ki, Quran nazil olmamışdan öncə Quranın nə olduğundan xəbərsiz idin, içində olan təlimlərdən, onun ehtiva etdiklərindən agah deyildin. Bu ifadənin Peyğəmbərin təkallahlığı, onun ali bilgisi, ibadət və bəndəçilik haqqında məlumatlı olması ilə ziddiyyəti yoxdur. Xülasə, Quranın ehtiva etdiklərindən xəbərsiz olmaq bir mətləb, Allaha dair bilgiyə malik olmamaq ayrı bir mətləbdir.
Tarix kitablarında qeyd edilən Peyğəmbərin nübüvvətdən öncəki yaşayış durumu da bu mənanı təsdiq edir. Bundan daha aydın olan Əmirəlmöminin sözüdür ki, "Nəhcül-Bəlağə"də buyurmuşdur: "O, (Allahın salavatı olsun ona və ailəsinə) süddən kəsilən zamandan Allah, mələklərindən olan ən böyük mələyi ona yaxın etmişdir ki, gecə-gündüz onun vasitəsilə məkarim (gözəl və ləyaqətli xüsusiyyətlər) yolunu, aləmin əxlaq gözəlliklərini izləsin".
İndi isə gəlin bir neçə suala cavab verək:
1. Peyğəmbər nübüvvətdən öncə hansı dində idi?
Peyğəmbərliyindən öncə əziz Peyğəmbərimiz heç vaxt bütə səcdə etməmişdir, tövhid xəttindən çıxmamışdır. Bütün bunlarda şəkk-şübhə yoxdur. Tarix də dediklərimizə şahidlik edir. Yaxşı, bəs hansı dində olmuşdur?
Burada alimlər arasında bəzi fikirlər vardır:
a) Bəziləri deyib ki, o, Məsihin ayininə tabe olub. Çünki özündən öncə Həzrət İsanın ayini rəsmi və qeyri-mənsux (yəni aradan getməmiş, yəni ləğv olunmamış) bir ayin idi.
b) Bəziləri deyir ki, Peyğəmbərimiz İbrahim peyğəmbərin ardıcılı olmuşdur. Çünki Peyğəmbərlərin ağsaqqalı və atalarıdır. Quranın bəzi ayələrində İslam ayini İbrahimin ayini ünvanında tanıtdırılmışdır. (Bax, "Həcc", 78)
c) Bəziləri məlumatsızlıqlarını göstərmiş və demişlər ki, dini olduğunu bilirik. Amma hansı dində olduğu bizə aydın deyil.
Hər üç fikrin arqumentləri olduğu halda heç biri qəti deyil. Bunlardan daha münasibi dördüncü fikirdir. O da budur ki, həzrət Peyğəmbərin Allah tərəfindən olan xüsusi proqramı olmuşdur. Elə ona da əməl etmişdir. Ö, özünə məxsus ayin üzərində olmuşdur. O vaxta qədər ki, İslam ona nazil oldu.
Bu fikri sübut edəcək hədis vardır ki, "Nəhcül-Bəlağə"də qeyd olunmuşdur. Onu da yuxarıda qeyd etdik. Belə bir mələyin mövcudluğu xüsusi bir proqramın olmasını göstərir.
Başqa bir arqument budur ki, tarixdə qeyd olunmamışdır ki, Peyğəmbər yəhudilik, xristianlıq, ya da sair dinlərlə məşğul olmuşdur. Kafirlərin bütxanalarında, Əhli Kitabın məbədlərində olması haqda da heç bir məlumat yoxdur. O, təkcə tövhid xəttini və yolunu getmiş, əxlaq və ilahi ibadət əsasında səy göstərmişdir.
Bu barədə bir neçə rəvayətlər də vardır. İslam mənbələrində gəlmişdir ki, Peyğəmbər ömrünün başlanğıcından Ruhülqüds vasitəsilə möhkəmləndirilmişdir. Belə olan halda, o, Ruhülqüds vasitəsilə ilham əsasında əməl etmişdir.
Əllamə Məclisi belə inancda olmuşdur ki, İslam Peyğəmbəri elə əvvəlcədən peyğəmbərlik məqamına malik olmuşdur. Bəzən mələklərlə danışar, səslərini eşidər, bəzən doğru sayılan yuxuda ona ilham olunardı. Qırx yaşından sonra isə risalət məqamına çatdı. Nəticədə Quran və İslam rəsmən ona nazil oldu. Əllamə Məclisi buna dair altı dəlil gətirir ki, onlardan bəzisi yuxarıdakılarla eynilik təşkil edir.
Bunlar aydın olduqdan sonra ikinci suala keçək
2. Yaxşı, bütün bunları nəzərə aldıq. Bəs axı nə üçün ayə Peyğəmbərin bundna öncə nə Kirab, nə də imanın nə olduğunu bilmədiyini deyir?
Bu suala yuxarıda cavab versək də, bir az da əhatəli cavab verməyə çalışaq.
Nəzərdə tutulan budur ki, Peyğəmbər Quran nazil olmamışdan, İslam şəriətinin qanuniləşməməsindən öncə dinin cüziyyatından, Quranın ehtiva etdiklərindən xəbərsiz idi.
Amma nəzərə alsaq ki, "Kitab" sözündən sonra "İman" ifadəsi işlənmişdir, həm də bu ifadələrdən sonra ayədə gələn ifadələrə diqqət etsək, aydın olacaqdır ki, imandan məqsəd səmavi kitabın ehtiva etdiklərinə imandır. Mütləq imandan söhbət getmir. Ona görə də deyilənlərlə ziddiyyət təşkil etmir. Bəzi müfəssirlər başqa cavablar da vermişlər. Gəlin görək nə deyirlər:
a) İmandan məqsəd təkliyi təsdiq və ona etiqad deyil. Bəlkə əqaidin məcmuəsi, dil və əməldə iqrar etməkdir;
b) İmandan məqsəd Tövhid və risalətə imandır. Bilirik ki, Peyğəmbər bundan öncə təkallahlı olsa da, özündə hələ risaləti tapmamışdı.
c) Nəzərdə tutulan imanın rükunlarından olan bir hissədir ki, insan ağlı dəlil yolu olmadan ona çata bilməz. Onun da yolu təkcə nəqli dəlildir. Məsələn, Məadın bəzi xüsusiyyətləri kimi.
e) Əslində ayədə belə demək istənilmişdir ki, sən camaatı imana sarı necə dəvət edəcəyini bilmirdin.

Belə aydın olur ki, ən münasib olan, ayə ilə daha uyğun gələn elə birinci versiyadır.

Müvəffəqiyyət Allahdandır.
"Nümunə" təfsirindən istifadə olunub.
Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий