пятница, 29 июля 2016 г.

"Bismillahir-Rəhmanir-Rəhim" Quran surələrinin bir hissəsi sayılırmı?

"Rəhman, Rəhim Allahın adı ilə!" ifadəsinin Quran surələrinin bir hissəsi sayılıb-sayılmaması barədə müsəlmanlar arasında fərqli fikirlər mövcuddur. İmamiyyənin, şafeilərin, Məkkə və Kufə qarilərinin və fəqihlərinin məzhəb və nəzərinə əsasən, "Bismillahir-Rəhmanir-Rəhim" həm "Fatihə", həm də sair surələrin tərkib hissəsidir. Ancaq Mədinə, Bəsrə, Şam qarilərinin və fəqihlərinin, həmçinin Əbu Hənifə və ardıcıllarının nəzərinə əsasən, istər "Fatihə" surəsində olsun, istərsə də sair surələrdə - Quranın tərkib hissəsi deyil.

суббота, 23 июля 2016 г.

"Şura" surəsi 52-ci ayə haqqında mülahizələr (İkinci hissə)

Görəsən Peyğəmbər hələ peyğəmbər olmamışdan öncə hansı dində olmuşdur? Yaxud Peyğəmbərin bundan öncə Kitab və iman bilməməsi nə deməkdir?
Ayənin ardınca deyilir: "...Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilmirdin (və Quranın möhtəvasından xəbərsiz idin). Lakin Biz onu bir nur etdik ki, onun vasitəsilə bəndələrimizdən istədiyimizi hidayət edərik (ona bu yolla doğru yolu göstərərik) və sən, sözsüz ki, düz yola sarı hidayət edirsən (bu camaatı düzgün yola yönəldirsən)".
Bu, Allahın lütfü idi ki, sənin halına şamil oldu və bu səmavi vəhy sənə nazil oldu. Həmçinin sənin onun bütün möhtəvasına imanın oldu. Sənin bu əzəmətli səmavi kitaba hidayət olmağından əlavə Allahın iradəsi bu olmuşdur ki, digər bəndələr də bu səmavi parlaq nura tərəf hidayət olsunlar, bütün şərq və qərb, hətta bütün dövr və əsrlərdə olanları onun örtüyünün altında qərar versin.

Bir şübhəyə cavab: "Allahın - insan daxilində iki qəlb yaratmaması nə deməkdir?" ("Əhzab", 4)

Qurani-Kərimin "Əhzab" surəsi 3-cü ayəsində belə oxuyuruq: "Allah kimsənin daxilində iki qəlb yaratmamışdır..." Bu ayədə bir neçə mətləblər də vardır ki, fikir yayınmasın və təkcə bir məsələ barəsində yazaq deyə, ayənin bu hissəsinin üstündə müzakirə aparmq istəyirik. Yoxsa ki, bu ayədə "iki qəlb" məsələsindən əlavə bir sıra izaholunası mətləblər vardır. O da qalsın başqa vaxta.

Təfsir alimlərindən bir dəstə, ayənin bu hissəsinin nazil olma səbəbi haqda qeyd ediblər ki, cahiliyyət dönəmində Cəmil ibn Müəmmər adlı bir adam vardı. Onun olduqca güclü hafizəsi vardı. O belə bir iddia edirdi ki, onun daxilində iki qəlb vardır və o, onlardan hər biri ilə Məhəmməd peyğəmbərdən daha üstün dərk edib anlaya bilir. Həm də müşriklər onu "Zül-Qəlbeyn", yəni iki qəlb sahibi adlandırırdılar.

Bədr döyüşü zamanı müşriklər qaçarkən Cəmil ibn Müəmmər də onların arasında idi. Əbu Süfyan onu elə bir halda gördü ki, ayaqqabısının bir tayı ayağında, o biri tayı isə əlində tutulmuş vəziyyətdə idi. Həm də fərarilik edirdi. Əbu Süfyan ona dedi ki, nə xəbərdi? Cəmil dedi ki, qoşun qaçdı. Əbu Süfyan dedi ki, bəs nə üçün ayaqqabının bir tayını əlində tutmusan, o birisi isə ayağındadır? Cəmil dedi: Sözsüz ki, fərqində olmamışam. Elə bilirdim hər ikisi ayağımdadır. Məlum oldu ki, belə bir mənasız iddialarına baxmayaraq, heç bircə qəlb ölçüsündə belə, şüuru işləmir. Əlbəttə, burada qəlb dedikdə ağıl nəzərdə tutulur.

понедельник, 18 июля 2016 г.

Bir şübhəyə cavab: "Şura" surəsi 52-ci ayə haqqında mülahizələr (Birinci hissə)

Ayədə "ruh" dedikdə nə nəzərdə tutulur? Peyğəmbərin daha əvvəl kitab və iman bilməməsi nə deməkdir?


Ayənin tərcümə edək: "(Səndən öncə göndərilən peyğəmbərlərə vəhy etdiyimiz kimi) sənə də öz əmrimizdən beləcə bir ruh vəhy etdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilmirdin (və Quranın möhtəvasından xəbərsiz idin). Lakin Biz onu bir nur etdik ki, onun vasitəsilə bəndələrimizdən istədiyimizi hidayət edərik (ona bu yolla doğru yolu göstərərik) və sən, sözsüz ki, düz yola sarı hidayət edirsən (bu camaatı düzgün yola yönəldirsən)".


Ayədə "kəzalikə" ifadəsi vardır. "Bu cür, beləcə" deməkdir. Bu ifadə ilə vəhyin üç formasına işarə edilməsi mümkündür. Yəni qeyd edilir ki, öncəki ayədə qeyd edilən vəhyin bu formaları Peyğəmbərimiz üçün də gerçəkləşmişdir. Yəni o həzrətə bəzən birbaşa olaraq, yəni vasitəsiz - birbaşa Rəbbin pak zatı ilə rabitə qurmaqla, bəzən vəhy mələyi, bəzən isə səs dalğalarına oxşar səs eşitmək yolu ilə gerçəkləşirdi ki, bu barədə hədislər də mövcuddur. Bu yazımızda biz vəhyin formaları, onların necəliyi və isbatı haqqında yazmayacağıq. Bu məsələ qalsın ayrı vaxta.

пятница, 15 июля 2016 г.

Şübhəyə cavab: Qurana görə Məhəmməd peyğəmbər birinci müsəlmandırmı?

"Ənam" surəsi 163-cü ayədə buyurulur ki: "Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.
Yuxarıdakı ayədə Peyğəmbər müsəlmanların birincisi kimi qeyd olunur. Bu barədə təfsir alimləri arasında fərqli fikirlər vardır. Çünki bilirik ki, əgər "İslam" deyərkən bu kəlmənin geniş mənası nəzərdə tutulsa, bütün səmavi dinlərə şamil olacaqdır. Elə bu səbəbdən "müsəlman" kəlməsi sair peyğəmbərlərə də aid edilmişdir. Məsələn, Nuhun barəsində oxuyuruq:
"Mənə əmr olunub ki, müsəlmanlardan olum" (Yunis, 72). Habelə İbrahim Xəlil, onun övladı İsmail barədə də oxuyuruq: "Rəbbimiz, bizi sənə müsəlman olanlardan et" (Bəqərə, 128). Yusif haqqında da "Məni müsəlman olaraq öldür", - deyə gəlmişdir (Yusuf, 101) Bu ifadə başqa peyğəmbərlər üçün də gəlmişdir.
Əlbəttə, müsəlman Allah əmrinin qarşısında təslim olan kəs anlamındadır. Bu məna bütün ilahi peyğəmbərlər və onların mömin ümmətləri barədə keçərlidir. Bu durumda Peyğəmbərin ilk müsəlman olması ya onun təslim olmasının keyfiyyət və əhəmiyyətinə görədir, - çünki onun təslim dərəcəsi və islamı hamısından daha ali idi; ya da birinci kəs idi ki, Quran ayinini və islamı qəbul etmişdi.

Şübhəyə cavab: Nə üçün Allah Quranda and içmişdir? (Birinci hissə)

Belə iddia edirlər ki, əgər Allah haqlıdırsa nə üçün and içib durur? Niyə dəfələrlə insanları inandırmağa çalışır ki, məsələ dediyi kimidir? Allahın and içməsinə nə ehtiyac var?
İndi isə gəlin qısa bir araşdırma aparaq və görək ki, edilən tənqid haqlıdırmı, ya yox?!
Quranda yüzdən artıq, müxtəlif ifadələrlə and içilmişdir ki, bu andlar qırxdan artıq surədə mövcuddur. Allahın içdiyi andın hikmət və fəlsəfəsinə diqqət etməzdən öncə, müqəddimə olaraq, Allahın and içdiyi yerləri nəzərdən keçirməliyik. Bu yolla da ilahi andların hikmət və fəlsəfəsindən bir sıra işlər bizim üçün aydın olmuş olacaqdır.

четверг, 14 июля 2016 г.

Bir şübhəyə cavab. (Qurana görə Gündüz Günəşi aydın edirmi?)

Quranın dilimizə edilən bir neçə tərcüməsi vardır. Bu tərcümələrdə bəzi ixtilafların və sair çatışmaz nöqtələrin olması müsəlmanların üzərinə bir sıra tənqid yağdırır. Bu tənqidlərdən biri "Şəms" surəsi 3-cü ayə ilə əlaqədardır.
Ayədə deyilir: "And olsun gündüzə - onu aydınlığa çıxartan zaman".
Məfhum tam aydın olsun deyə, kəlmə tərcüməsi etdik. İndi mübahisə "onu" ifadəsində çıxır. Bəziləri Qurana tənqid prizmasından yanaşaraq, həm də buna tərcüməni dəlil gətirərək "onu" ifadəsində günəşin nəzərdə tutulduğunu iddia edib, bunu ciddi elmi xəta kimi qələmə verirlər. Əslində, həqiqətən də, gündüz günəşin sayəsində əmələ gəlir. Günəşi ortaya çıxaran gündüz deyil. Bəs əslində məsələ necədir?
"Cəllə" feili "təcliyətun" məsdərindəndir. Onun mənası ortaya çıxarmaq, aşkar etməkdir. Feilin sonundakı "hə" əvəzliyi isə qadın cinsinə aiddir. İndi bu əvəzliyin nəyə aid olması haqqında alimlər mübahisə ediblər. Məşhur nəzər budur ki, bu "hə" əvəzliyi, yəni "onu" deyərkən yer üzü nəzərdə tutulur. Düzdür, bundan öncə "yer" (Ard) kəlməsi işlənməyibdir. Ancaq kəlamın özündən aydındır ki, gündüzün olması yeri ortaya çıxarır, aşkar edir, qaranlıqdan aydınladır.

воскресенье, 10 июля 2016 г.

"Dəfn gecəsi namazı", onun qılınma qaydası, hökmləri və haqqında bəzi məlumatlar (ARAŞDIRMA)

Dəfn gecəsinin namazı müstəhəb namazlardandır. Bu namaza hədiyyə namazı da deyilir. Xalq arasında isə daha çox vəhşət namazı kimi tanınır. Meyit üçün birinci qəbir gecəsində qılınır. Vaxtı gecənin əvvəlindən sübhə qədərdir. Qılınmasının ən üstün vaxtı isə İşa namazından sonradır.
Bu namazın adları Hədiyyə namazı (Hürr Amili, Vəsailüş-Şiə), Dəfn gecəsi namazı (Seyid Kazim Yəzdi, Urvətul-Vusqa) və Vəhşət namazıdır (Təhrirul-Vəsilə). Bu namaza ona görə vəhşət namazı deyilir ki, təzəcəcə dünyadan köçmüş adam hələ qəbir aləmi ilə tanış və ünsiyyətdə olmadığına görə özlüyünddə qorxu və vəhşət hissi keçirir. Bu namaz ilahi fəzilət sayəsində vəhşəti onun üzərindən götürməyə səbəb olur. Deməli, əslində bu namaz vəhşəti aradan götürəndir, vəhşət namazı deyil.

суббота, 9 июля 2016 г.

“İğal” nə deməkdir?

İğal kəlamı artıq sözlə, faydalı bir nöqtəni özündə ehtiva edən halda tamamlamaqdır.

İtnab (gərək bu istilahın da nə olduğu barədə ayrıca yazı hazırlayım. Qısaca deyim ki, faydanı artırmaq üçün artıq kəlamlardan istifadə etməyə deyilir) növlərindən hesab olunan Quranın bədii üslublarından biri İğaldır. Ona həm də İm`an da deyirlər.

İbn Əbil-Əsbəğ qeyd edir ki, Quran ayələrinin sonu (buna Fəvasilul-Quran deyilir) dörd hissəyə ayrılır: Təmkin, Təsdir, Təvşih və İğal. (Gərək bunların hər biri haqqında ayrıca məlumat yazmaq lazımdır. Qisaca qeyd edək ki, Təmkin – başqasına səlahiyyət və ixtiyar verməkdir; Təsdir – sonuncu ləfzin ayənin əvvəlindəki ləfzlərdən biri ilə uyğun gəlməsidir; Təvşih isə – ayənin sonundakı kəlmənin, yaxud kəlmələrin ayənin əvvəlindəki mənala ilə uyğunluğuna deyilir).

пятница, 8 июля 2016 г.

Quranın "Əraf" surəsində barələrində danışılan "Əraf əshabı" kimdir? (Araşdırma)


Əraf dedikdə nə nəzərdə tutulur?
Ərafın nə olması barədə islam alimləri arasında müxtəlif və fərqli nəzərlər vardır. (Əl-Mizan) Onların əksəriyyəti bu məna üzərində durur ki, o, Cənnətlə Cəhənnəm arasında olan bir divardır. (Şeyx Müfid, Təshihul-Etiqad; Rağib İsfahani, Mufrədat) Həsən Bəsri və Zəccacdan belə nəql olunmuşdur ki, “Əraf” mərifət kökündəndir və tanımaq mənasındadır. Yəni Qiyamətdə bir dəstə adam vardır ki, camaatın vəziyyətindən agahdırlar. Onlar Cənnət və Cəhənnəm əhlini simalarından tanıyırlar. (Fəxr Razi, Təfsirul-Kəbir; Təbəri, Cameul-Bəyan) 

четверг, 7 июля 2016 г.

Züs-Südəyyə kimdir?

Züs-Südəyyənin bizim dildə olan mənası pis çıxır deyə, qeyd etmirəm. Bilənlər bilir, bilməyənlər soruşar. Deməli, Züs-Südəyyə ləqəbli Hurqus ibn Züheyr Əsədi Hururiyyə başçılarından biri olmuşdur. Hururiyyə nədir? Hurura Kufəyə yaxın bir yer adıdır. Birinci xəvaric dəstəsinin toplaşdığı yer olduğuna görə hururiyyə adlanıblar. Bəziləri isə xəvaricdən olan bir dəstəni hururiyyə adlandırırlar. Bu adam İmam Əliyə qarşı çıxmış və Nəhrəvan döyüşündə öldürülmüşdür.
Qısaca bir məsələyə baxaq:
Bu adamın keçmişi barədə belə deyirlər ki, Huneyn müharibəsində müsəlmanlar qələbə qazandıqdan sonra çoxlu qənimət əldə etdilər. Qeyd edək ki, bu döyüş hicrətin 8-ci ilində Taifdə baş vermişdir. Peyğəmbər qənimətləri müsəlmanlar arasında bölüşdürərkən adı çəkilən adam həzrətin yanına gələrk ondan bu malları ədalətlə bölməsini tələb etdi. Peyğəmbər ona etiraz edib dedi ki, vay sənə, mən ədalətə riayət etməsəm, bəs kim edəcək? Bu zaman Ömər ibn Xəttab onu öldürmək istədi. Ancaq Peyğəmbər mane olub dedi ki, onu öz halına buraxın. Onun elə səhabələri vardır ki, oruc-namazlarını görsəniz özünüzünküləri kiçik sayarsız. Peyğəmbər həmçinin qeyd etdi ki, bu şəxslər həmişə Quran oxumaqlarına baxmayaraq, Quran onların boğazlarından keçməz. Onlar ox yaydan çıxan kimi İslamdan çıxacaqlar.

"Ənam" surəsi 38-ci ayə barədə araşdırma

Bu surənin 38-ci ayəsində buyurulur: "(Allahın qüdrət, hikmət və rəhmətinin güclü olma dəlillərindən biri də budur ki, O, hər bir şeyi yaratmışdır) Yer üzərində elə bir canlı və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, sizin timsalınızda olan ümmətlər (şəklində) olmasın. Biz (bu kainatın) Kitab(ın)da heç nəyi gözdən qaçırmamışıq. (Elə isə, sən bu təkzib edənlərə de ki, əllərindən hər nə gəlir etsinlər. Çünki) sonra Rəblərinə sarı həşr olunacaqlar (yəni Onun hüzuruna bu şəxsləri yığacaqlar və beləcə, onların hesab-kitabı aparılacaqdır)".
Qısa izah: Ayədəki "dabbə" - canlı, diri; "tair" - quş, uçan, "yətıru bicənaheyhi" - iki qanadı ilə uçur, deməkdir. Sonuncusu təkid üçün bir qeyddir. Eynilə bizim "iki qulağımla eşitdim", "iki gözümlə gördüm" deməyimiz kimidir. "Uməm" millətlər, ümmətlər, toplular deməkdir. O dəstələrdir ki, xüsusiyyət, vəsf və seçkin xarakterlərə malikdirlər. "Ma fərratna" - nöqsan işlətməmişik, qəflətə düşməmişik, nəzərdən qaçırmamışıq deməkdir. "Əl-Kitab" - Ya Qurandır ki, ehtiyac duyulan bütün şeylər - ya ümumi, ya xüsusi, ya yığcam, ya da geniş surətdə orada qeyd olunmuşdur. Ya da Lövhi-Məhfuzdur ki, onun nə olduğu bizim üçün tam şəkildə aydın deyil.

Quran surələrilə qısa tanışlıq (2) "Bəqərə" surəsi

Bu surəsin 17 ayəsində, 73-cü ayə qədər, ölüm hadisəsinə görə inək kəsmək barədə Allahın Bəni İsrailə verdiyi göstərişdən söz açılır. Surənin adı bu məsələ ilə əlaqədardır.
Bu surədə, həmçinin möminlər, müşriklər, münafiqlər, Adəmin yaradılması, Kitab əhlinin bidətləri, Musa və Bəni İsrailin macəraları, Kəbə evinin İbrahim peyğəmbər tərəfindən tikilməsi, Allahın nemətləri, qisas və vəsiyyət məsələləri, müşriklərlə vuruşmaq, nikah, təlaq, riba (sələm) kimi məsələlər, İbrahim peyğəmbərin tövhid əsasında müşriklərlə mübahisəsi, qiblənin dəyişdirilməsi, həcc, irs (miras və vərəsəlik), orucluq və sair məsələlər haqqında qeyd olunmuşdur. Məşhur "Ayətəl-Kürsi" də bu surənin 255-ci ayəsindədir.

Quran surələrilə qısa tanışlıq (1) "Fatihə" surəsi

Qurani-Kərim bu surə ilə başladığına görə bu surə Quranın başlanğıcı, bir növ onu açandır. Elə buna görə də "Fatihə" adlandırılmışdır. "Fatihə" açan deməkdir. Bu surədə Allaha həmd-sənadan söz açıldığına görə bu surəyə "Həmd" surəsi də deyirlər. Habelə bu surə "Şükr", "Vafiyə" (dolğun, ətraflı), "Nur" kimi adlarla da xatırladılmışdır. "Fatihə" surəsinin digər adları "Səb`ul məsani" (iki dəfə təkrarlanan, yaxud iki dəfə nazil olan yeddilik) və "Ümmül-Kitab"dır (Kitabın anası). Bundan əlavə də adları vardır.
İmam Sadiqdən belə bir məzmunda rəvayət nəql olunmuşdur ki, bu bir surədir ki, əvvəli sitayiş, ortası ixlas, axırı isə duadır. ("Burhan" təfsiri, c.1, s.42)

среда, 6 июля 2016 г.

Şəvval ayında 6 gün oruc tutmaq və Şəvval ayı haqda qeyd

Son zamanlar gündəmdə Peyğəmbərdən nəql olunan belə bir hədis dolaşır, məzmunu belədir ki, kim Ramazanda oruc tutsa, Şəvvaldan altı günü də ona qoşsa (ardınca tutsa), sanki (bütün) dövrü oruc tutmuşdur”. (Müslim, Əbu Davud, Tirmizi, Nisai, Əbu Macə) مَنْ صَامَ رَمَضَانَ وَ أَتْبَعَهُ سِتًّا مِنْ شَوَّالٍ كَانَ كَصِيَامِ الدَّهْرِ
Bu altı günlük oruc haqqında sual edildikdə və bunun imamiyyə məzhəbilə müvafiq olub-olmaması barədə soruşulduqda belə bir kiçik yazı hazırlamaq qərarına gəldik.
Şəvval ayı qəməri aylarının onuncusudur. Ramazan ayından sonra gəlir. Onunla əlaqəli hökmlər barədə oruc və həcc babında söz açmışlar.
Müqəddəs şəriətdə bəzi günlər və aylar üçün, o cümlədən Şəvval ayı üçün xüsusi hökmlər bəyan olunmuşdur.

вторник, 5 июля 2016 г.

Fitr bayramının namazını necə qılaq?

Fitr bayramının namazı haqqında

Fitr bayramının namazını hal-hazırda həm camaatla, həm də fərdi şəkildə qılmaq müstəhəbdir. İmam zühur etdikdən sonra isə bu namaz vacib olacaqdır və camaat şəklində qılınacaqdır.

Bayram namazının vaxtı günəş çıxdıqdan günortaya qədərdir. Belə ki, Fitr bayramında sübhdən sonra heç nə yeməyib, günəş yüksəldikdən sonra xurma, yaxud şirin bir şey yeyib, habelə fitrə zəkatını verib bayram namazını qılmaq müstəhəbdir.

Fitr bayramının namazı iki rəkətdir.  Daha yaxşı olar ki, bayram namazı bu şəkildə qılınsın: Dediyimiz kimi, namaz sübh namazı kimi iki rəkətdir. Tək şəkildə namazı qılıan belə niyyət edəcək: “Allaha bəndəçilik etmək və onun əmrini yerinə yetirmək məqsədilə Fitr bayramının namazını qılıram”. Bayram namazı qılarkən birinci rəkətdə “Fatihə” surəsindən sonra “Şəms” (91-ci surə), ikinci rəkətdə isə “Fatihə” surəsindən sonra “Ğaşiyə” (88-ci surəni) oxumaq, yaxud birinci rəkətdə “Fatihə” surəsindən sonra “Ə`la” (87-ci surə) surəsini, ikinci rəkətdə isə “Fatihə” surəsindən sonra “Şəms” surəsini oxumaq yaxşıdır. Kim “Fatihə” surəsindən sonra qeyd edilən bu surələri əzbər bilməsə, elə “İxlas” surəsini də oxuya bilər.

Fitr gününün əməlləri

Birinci gün – Fitr bayramı günü və onun müxtəlif əməlləri
1. Sübh namazı, həmçinin bayram namazından sonra Fitr bayramı gecəsi vacib namazlardan sonra qeyd edilən təkbirləri demək (Bu təkbirləri Fitr gecəsinin əməlləri arasında qeyd etmişik)
2. Fiqh kitablarında aydın şəkildə ətraflı qeyd edilən məlumatlar əsasında bayram namazından öncə fitrə zəkatını çıxarmaq (Bu haqda ətraflı məlumatlar yazmışıq). Bil ki, fitrə zəkatını vermək təkid olunan vacib əmrlərindən biridir. Həm də Ramazan ayı orucunun qəbul olma şərtlərindəndir. Bu haqda Quran ayəsində də qeyd edilmişdir.
3. Qüsl almaq. Onun vaxtı sübhdən bayram namazının qılınma vaxtına qədərdir. Qüslun niyyəti belədir: “Allaha bəndəçilik etmək və əmrini yerinə yetirmək naminə Fitr bayramı gününün qüslunu alıram”.

понедельник, 4 июля 2016 г.

Ramazan ayının axırıncı gecəsinin əməlləri

Olduqca bərəkətli bir gecədir. Bu gecə üçün bir neçə əməl varid olmuşdur.
1. Qüsl almaq (Niyyəti Allaha bəndəçilik etmək, onun əmrini yerinə yetirmək üçün Ramazan ayının axır gecəsinin qüslunu alıram)
2. İmam Hüseyni ziyarət etmək (Buna imkanı çatmayan o həzrətə hədiyyə namazı qılsın, ziyarətnaməsini oxusun, ona salavat göndərsin)
3. “Ənam”, “Kəhf”, “Yasin” surələrini oxumaq və yüz dəfə “Əstəğfirullahə və ətũbu iləyh” (Allahdan bağışlanma diləyir və Ona sarı qayıdıram) demək.
4. Bu duanı Şeyx Kuleyni İmam Sadiqdən nəql etmişdir:
“Allãhummə hə̃zə̃ şəhru Ramədãnəl-ləz ənzəltə fhil-Qur`ə̃nə və qad təsarramə və ə`ũzu bivachikəl-kərmi, ya Rəbbi ən yatlu`əl-fəcru min ləylət hə̃zihi əu yətasarramə şəhru Ramədãnə və ləkə qıbəl tib`atun əu zənbun turdu ən tuəzzibən bihi yəumə əlqãkə”.
Tərcüməsi: İlahi, budur ramazan ayı ki, Quranı onda nazil etmisən. Artıq (bu ay) kəsilmişdir (ötüb keçmişdir).  Mən sənin kərim zatına pənah aparıram, ya Rəbb, (o şeydən ki,) bu gecədən fəcr doğsun, yaxud Ramazan ayı kəsilsin, ancaq mənim tərəfimdən sənin üçün elə bir nəticə, yaxud günah (qalmış) olsun ki, onun vasitəsilə məni səninlə görüşən gün əzaba düçar etməyi istəyəsən”.

Şəvval ayının birinci gecəsinin əməlləri

Birinci gecə: Şərafətli gecələrdən biridir. Həmin gecənin fəziləti, bu gecədə ibadət etməyin savabı, əhya saxlamaq haqqında çoxlu hədislər varid olmuşdur. Həmçinin bir rəvayətdə gəlmişdir ki, bu gecə heç də Qədr gecəsindən geri qalmır. Bu gecə üçün bir neçə müstəhəb əməl vardır.
1. Günəş batdıqda qüsl almaq (Niyyəti: “Allahın əmrini yerinə yetirmək üçün Şəvval ayının birinci gecəsinin qüslunu alıram)
2. Gecəni oyaq qalmaq. Namaz qılmaq, itiğfar diləmək (Əstəğfirullahə və ətũbu iləyh – demək), Allahdan diləmək, məsciddə əhya saxlamaq.
3. Məğrib və İşa, həmçinin Sübh və bayram namazından sonra demək:
 “Allãhu əkbər, Allãhu əkbər, lə̃ ilə̃hə illəllãhu vallãhu əkbər, Allãhu əkbər, Allãhu əkbər, və lillə̃hil-həmd, əl-həmdu lillãhi alə̃ mə̃ hədə̃nə̃ və ləhuş-şukru alə̃ mə̃ əulə̃nə̃”.
Tərcüməsi: Allah ən böyükdür, Allah ən böyükdür, Allahdan başqa heç bir tanrı yoxdur və Allah ən böyükdür. Allah ən böyükdür, Allah ən böyükdür və həmd Allaha məxsusdur. Bizi hidayət etdiyinə görə həmd Allaha məxsusdur, bizə etibar göstərdiyinə (yaxud dəyər veriyinə) görə şükür Ona məxsusdur”.

Fitrə zəkatına dair məsələlər (6) SON

İnsan fitrə zəkatını qürbət niyyətilə, yəni Allahın əmrini yerinə yetirmək və Ona bəndəçilik məqsədilə verməlidir. Həm də onu verən zaman fitrə vermək niyyəti etməlidir. Bu haqda əvvəlki yazılarda qeyd etmişdik.
Əgər fitrəni qüsurlu və eybli bir şeydən versə, vacib ehtiyata əsasən, kifayət deyil.
Bir neçə nəfərin fitrəsini verən adam hamısını bir maldan verməyə bilər. Məsələn, bəzisinin fitrəsini buğdadan, bəzisinin fitrəsini isə arpadan verə bilər.
Fitr bayramı namazını qılan kəs, vacib ehtiyata əsasən, fitrəni bayram namazından öncə verməlidir. Lakin bayram namazını qılmayıbsa, fitrəni zöhrə qədər gecikdirə bilər.
Əgər fitrə niyyəti ilə malından bir miqdar kənara qoyub, bayram günü zöhrə qədər fitrəyə haqqı çatan birisinə verməsə, hər nə vaxt versə, fitrə niyyəti etməlidir. Əgər təxirə salmaq ağıllı bir məqsəd üçün olsa, maneəçiliyi yoxdur.

Fitrə zəkatına dair məsələlər (5)

Vacib ehtiyata əsasən fitrə zəkatı yalnız fəqirə verilməlidir. Məqsəd budur ki, fitrə zəkatı mal zəkatına haqları çatan yoxsul Əhli-Beyt tərəfdarlarına verilsin. Amma əgər fitrə vermək istəyən kəsin şəhərində yoxsul Əhli-Beyt tərəfdarı olan heç kəs yoxdursa, sair müsəlman fəqirlərə verməlidir. Amma hər halda, Əhli-Beytlə düşmənlik edən kəsə verməməlidir.
Fitrə verilən fəqirin ədalətli olması şərt deyil. Lakin vacib ehtiyata əsasən, şərabxor, binamaz və aşkarda günah edənə fitrə verilməməlidir. Bildiyiniz kimi fitrə halal puldan çıxarılmalıdır və onu elə bir adama vermək lazımdır ki, bu pulu haram yerə də xərcləməsin. Buna görə də fitrəni günah işlərə xərcləyən şəxsə fitrə verilməməlidir.
Ehtiyat müstəhəbb odur ki, bir fəqirə təqribən 3 kq-dan az fitrə verilməsin, cəm olan fəqirlərə çatmasa, bu hal istisnadır. Ancaq əgər çox verilsə, eybi yoxdur.

Fitrə zəkatına dair məsələlər (4)

Əgər bir adamın fitrəsi başqa birisinin boynundadırsa, belə bir adamın öz adından fitrə verməsi vacib deyil. Əgər birdən onun fitrəsini verməsə, yaxud verə bilməsə, vacib ehtiyata əsasən fitrə onun özünə vacib olur. İndi əgər bir adamın fitrəsi başqasına vacibdirsə, yəni misal çəkək, əgər bir universitet tələbəsinin fitrəsi onun atasının boynundadırsa və əgər bu tələbə özü öz fitrəsini versə, bu əməl atasının boynundan oğlunun fitrəsini verməyi götürmür.
Əgər bir adam seyid deyilsə, seyid adama fitrə zəkatını verə bilməz. Hətta əgər bir seyid onun çörək yeyəni sayılsa belə, onun fitrəsini başqa bir seyidə verə bilməz. Bu məsələnin həllini o biri yazıda qeyd edəcəyik.
İnsan öz ailəsinin xərclərini haram maldan istifadə etməməlidir. Fitrə zəkatını da haram maldan vermək olmaz. Əgər bir adam haramdan versə, məqbul sayılmayacaq, gərək halal maldan versin. Məsələn, bir nəfər spirtli içkilərin alqı-satqısından əldə olunan gəlirdən fitrə zəkatı verə bilməz.

Fitrə zəkatına dair məsələlər (3)

Fitrə fitr bayramının axşamı günəş batdığı vaxt çıxarılmalıdır. Fitrə zəkatı müəyyən şərtlər əsasında həddi-büluğa çatmış, ağlı başında olan, bihuş, yoxsul və kiminsə qulu olmayan, həmçinin özü və çörək yeyəni sayılan şəxslərin hər biri üçün vacibdir. Bir adam üçün nəzərdə tutulan fitrənin miqdarı 3 “sa`”dır. Təqribən 3 kiloqram edir. Fitrə çıxaran şəxs öz şəhərində buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və sair bunun kimi normal hesab edilən yeməklərin hər hansı birinə imkanı çatırsa, fitrəsini çıxartdığı adam üçün 3 kq. miqdarda ayırmalı və onu fitrəyə möhtac birinə verməlidir. Yəni bir adamın ailəsində özündən əlavə onun çörəyini yeyən 3 nəfər varsa, ev sahibinin gücü düyü və ya xurmaya çatırsa, 4 nəfərin hər biri üçün 3 kq çəkidə fitrə çıxaracaq. Yəni bu edəcək, təxminən bütün ailə üçün 12 kq düyü, yaxud xurma. 12 kq düyünü yoxsul, ehtiyaclı adama da verə bilər. Bunun əvəzinə pulunu da verə bilər. Əgər onun şəhərində buğda, arpa, xurma, yaxud kişmiş normal yemək hesab olunmasa, lazım ehtiyata əsasən bu ərzaqı verməsin. İndiki zamanda çəki miqdarının pulunu vermək daha uyğundur. İndi bunların hər biri nə qədər pul edirsə, fərd özü bazar qiymətilə uyğunlaşdıra bilər.

Fitrə zəkatına dair məsələlər (2)

Fitrə zəkata aid bir şeydir. Fitrə fitr bayramının axşamı günəş batdığı vaxt çıxarılmalıdır. Fitrə zəkatı müəyyən şərtlər əsasında həddi-büluğa çatmış, ağlı başında olan, bihuş, yoxsul və kiminsə qulu olmayan, həmçinin özü və çörək yeyəni sayılan şəxslərin hər biri üçün vacibdir. Bu haqda ətraflı yazacağıq.
İnsan fitrə zəkatı verərkən NİYYƏT etməlidir. Yəni nə etdiyini bilməli və bunu qürbət qəsdilə etməlidir. Qürbət qəsdi tez-tez rastınıza çıxır. Nədir bu ifadə? Fiqhi terminologiyada qürbət qəsdi deyərkən, Allaha bəndəçilik və Onun əmrini yerinə yetirmək məqsədilə bir işi görmək nəzərdə tutulur. Əgər bir nəfər fitrə verərkən qürbət qəsdi etməsə, günah etmiş sayılsa da, kifayətdir. Bundan əlavə həmin şəxs verdiyi şeyi ayırd etməlidir. Yəni bilməlidir ki, o, öz malından fitrə zəkatını verir.
Əgər bir adam fitrə zəkatını bir nəfərə çatdırmaq üçün kimisə vəkil təyin etsə, məsələn bir nəfər çıxartdığı fitrəni kiməsə versə ki, bunu al və ehtiyaclı birinə çatdır, o zaman zəkatı ona verərkən niyyət etməlidir. Müstəhəb ehtiyat budur ki, verdiyi zəkat müstəhəqqə (müstəhəqq də fiqhi termindir. Haqqı çatan, layiq olan mənasını daşıyır) çatana qədər niyyəti davam etsin.

Fitrə zəkatına dair məsələlər (1)

Fitrəni bayram namazından sonra vermək lazımdır, yoxsa əvvəl?
1. Fitrəni bayram namazından sonra vermək
Fəqihlər verilməsi vacib olan fitrənin zamanını fitr bayramı axşamının qürubundan (yəni günəş batan zamandan) hesab etmiş və onu bayram namazından sonraya qədər təxirə salmağı keçərli (caiz) bilməmişlər. Kim bayram namazını qıla bilməsə, fitrəni bayram gününün zöhrünə (günorta azanına) qədər verməlidir.
Lakin əgər yoxsul birinə əli çatmasa, öz malından bir miqdar fitrə adı ilə ayıra və nəzərində tutduğu, ya da ümumən hər hansı bir fitrəyə haqqı çatan kəs üçün kənara qoya bilər. Ancaq kənara qoyduğu fitrəni nə zaman vermək istəsə fitrə niyyəti etməlidir.